SİZİN REKLAM BURADA!
055 213 76 73


“İçərişəhər”də Qala divarlarının bir hissəsinin sökülərək yerində restoran tikilməsi ilə bağlı sosial şəbəkələrdə fotolar yayılıb və ciddi ittihamlar səsləndirilib. Sosial şəbəkə istifadəçiləri Bakının rəmzinin göz görə-görə dağıdıldığını qeyd ediblər.

BAKU.WS olaraq məsələ ilə bağlı vəziyyəti yerində öyrənmək üçün “İçərişəhər”ə yollandıq. Əraziyə çatanda İçərişəhər Dövlət Tarixi və Memarlıq Qoruğunun mətbuat xidmətinin rəhbəri Rahib Azəri də orada idi.

Ona ərazi ilə tanış olmaq və çəkiliş etmək istəyimizi bildirdikdə, Rahib müəllim buna qəti şəkildə etiraz etdi. Halbuki ərazidə kanallar və digər KİV nümayəndələri vardı.

“Başqa saytlarda yetərincə məlumat var. Gedin, onlara istinadən yazın", - deyə Rahib Azəri bildirib.

Qeyd edək ki, məsələyə “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov “Facebook” səhifəsində münasibət bildirib. O, ərazidən videogörüntü yayaraq bildirib ki, qeyd olunan iaşə obyektlərinin tikintisi zamanı divardan aralı beton platformalar hazırlanıb:


“Beton platforma qala divarlarından aralı düzəldilib ki, divara maneə törətməsin və ya divara müdaxilə olunmasın. Əvvəllər restoranlar qala divarına söykənirdi, indi isə ondan tam aralıdır.

Konstruksiya işlərində əsas məqsəd, divara söykənən tikililərin divardan ayırmaq, yerində daha müasir tikililər inşa etməkdir”.

Qeyd edək ki, mətbuatda yayılan fotolardan da göründüyü kimi tikinti Qala divarlarına bir neçə santımetr yaxın tikilib. Bu da tarixi abidəyə müdaxilə etmək deməkdir. Bundan başqa, çəkdiyimiz fotolardan da görünür ki, tikinti zamanı armaturlardan istifadə edilir və beton tökmə işləri aparılır. Bu isə o anlama gəlir ki, tarixi ərazidə təkcə şüşə konstruksiya deyil, beton işləri də həyata keçirilir.  


Bir sözlə açıqlamalara baxmayaraq "İçərişəhər"də həyata keçirilən tikinti işi göz qabağındadır. Görünən dağa bələdçi nəyə lazımdır? “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun rəsmi açıqlamasında tikintinin divara bitişik aparılmadığı, divardan 10-15 sm aralı həyata keçirildiyi bildirilir.  Dövlət Tarix-Memarlıq Qoruğun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında ƏSASNAMƏ-sini təqdim edirik:

Zonada inşaat-təmir işlərinin aparılması

4.1. Zonada yerüstü və yeraltı abidələr üçün təhlükə yarada bilən torpaq, söküntü, tikinti-quraşdırma, yenidənqurma, abadlıq və təmir işlərinin (bundan sonra-inşaat-təmir işləri) aparılmasına yol verilmir.

4.2. Zonada torpaq işləri və mühəndis-kommunikasiya xətlərinin çəkilişi Qoruğun mövcud qala divarlarından ən azı üç metr məsafə gözlənilməklə aparılmalıdır.

4.3. Zonanın ərazisində Qoruğun qala divarlarının, dünya və ölkə əhəmiyyətli abidələrin qarşısında yeni bina və tikililərin inşası qadağandır.

Demək ki, bu tikinti ilə "İçərişəhər" Qoruq İdarəsinin hazırkı rəhbərliyi Tarix-Memarlıq Qoruğunun əsasnaməsini pozmuş olurlar. Əsasnamə ilə yanaşı Bakının tarixi üzü olan "İçərişəhər"i sökürlər. 

Ziya SƏCCAD
Azər Nəsibov
BAKU.WS
VİDEO

QALEREYA