VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaq yaşımızdan böyüklərimiz, müəllimlərimiz bizdə heyvanlara, xüsusilə də itlərə qarşı sevgi aşılayır, onları sevməyimizi tövsiyə edirlər. İtlə insanın dostluğu haqda dəfələrlə nağıllarda, hekayələrdə də oxumuşuq. Lakin bu, həmişə belə deyil. Bəzən dost saydığımız itlərə qarşı biz insanlar amansızlıq edirik. Eləcə də itlərdən də özümüzə qarşı xoş olmayan münasibət görürük. Quduzlaşmış itlərin hücumuna məruz qalaraq, müxtəlif travmalar yaşayırıq. Bakı şəhər Sulutəpə qəsəbəsinin 4 yaşlı sakini balaca Hüseyn Məmişovun başına gələn qorxunc olay kimi. 

Quduz bir it Hüseynə hücum edərək, onun həyatında heç vaxt unutmayacağı faciə yaşatdı – balacanın üzünü parçalayaraq, bərbad hala saldı. Bu kimi hallar təkcə ölkəmizdə deyil, ümumiyyətlə, dünyada hər gün baş verir. İnsanlar daha çox sahibsiz quduz itlərin hücumuna məruz qalır. Kimi canını qurtara bilir, kimi də çarəsiz qalaraq, qurbana çevrilir. Nəticədə müxtəlif xəsarətlər alaraq, ömür boyu həm fiziki, həm də psixoloji aldığı travma ilə yaşamağa davam edir. 

Ümumiyyətlə, sahibsiz itlərin insanların məskunlaşdığı yaşayış yerlərində, gəzinti parklarında və digər yerlərdə görünmələri heç də münasib hal deyil. Bu, həm görüntü, həm gigiyenik, həm də təhlükə baxımından arzauolunmazdır. Bunun qarşısını almaq isə əlbəttə ki, mümkündür – sahibsiz quduz, xəstə itləri öldürərək, məhv etmək yerinə onları toplayıb, xüsusi sığınacaqlara yerləşdirmək, eləcə də qayğı ilə əhatə etmək ən uyğun üsuldur. Doğrudur, bu problem bu yaxınlarda öz həllini tapmağa başlayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə sahibsiz itlərə qayğı məqsədilə “Toplan” sahibsiz itlərə qayğı mərkəzi yaradılıb. Mərkəz sahibsiz itləri toplayıb, xüsusi sığınacaqlara yerləşdirərək, adından da göründüyü kimi, onların qayğısı ilə məşğuldur. Bu xeyirxah təşəbbüs həqiqətən də təqdirəlayiqdir. Yeni fəaliyyətə başlayan mərkəz hələ ki, Bakı və Bakıətraflı zonalarda fəaliyyət göstərir. Lakin ümid edirik ki,qurumun gələcək üçün fəliyyəti genişlənərək, bütün Azərbaycanda fəaliyyətini tətbiq edəcək. Bu yolla vətəndaşlar həm təhlükədən qurtulacaq, sahibsiz itlər isə göstərilən qayğıdan dolayı insanlara olan sədaqətlərini bir daha nümayiş etdirmiş olacaqlar. 

Sahibsiz itlərin paytaxt Bakının müxtəlif yerlərində gözə dəyməsi, bu səbəbdən sakinlərin böyük əksəriyyətinin narahatçılıq keçirməsi hazırda aktual mövzulardan biridir. Bu səbəbdən BAKU.WS olaraq, şəhərdə sorğu aparmaq qərarına gəldik. Sorğumuzun ərsəyə gəlməsinə balaca Hüseynin başına gələn olay da təkan oldu. 

Mövzu ilə bağlı sorğumuzda iştirak edən sakinlər, hətta turistlər maraqlı fikirlərini ifadə ediblər. Sözügedən sorğunun videosunu təqdim edirik:

Hazırladı: Azər NƏSİBOV
Video: Asif BƏŞİROV
BAKU.WS
VİDEO