VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sabunçu rayonunun icra başçısı Adil Vəliyev ötən ilin martın 27-də yol süpürən zaman yük maşını tərəfindən vurularaq həlak olan
Cəmilə Salahovanın azyaşlı qızları üçün ev tikdirib.

BAKU.WS musavat.com-a istinadən xəbər verir ki,  anası sağ olarkən illərlə kirayələrdə yaşayan Zümrüd və Lalənin artıq yeni, təmirli, işıqlı evi var.

Qızlar bu evdə ana əvəzi kimi gördükləri xalaları Tünzalə Salahovanın himayəsində yaşayırlar. İndi evləri daha genişdir, dərslərini rahatlıqla hazırlaya bilirlər.

Söhbət əsnasında bəlli oldu ki, hazırda bu ailə rayon icra hakimiyyətinin diqqətindədir, evlə bağlı yaranan hər hansı problemdə, yarımçıq qalan işlərin davam etdirilməsində onlara diqqət və qayğı ilə yanaşılır. Tam təmirli, mbel və əşyalarla təmin olunmuş ev iki otaq, bir mətbəx və geniş dəhlizdən ibarətdir. Həmçinin geniş həyətyanı sahəsi də var.


Tünzalə Salahova azyaşlı qızların mənzillə təmin olunmasına görə bir daha mətbuat vasitəsilə millət vəkili Qənirə Paşayevaya və Sabunçu rayon icra başçısı Adil Vəliyevə təşəkkürünü çatdırdı: “Belə bir gözəl şəraitli ev tikib bizə verdikləri üçün onlara çox minnətdaram. Adil müəllim, bu müddət ərzində bizim problemlərimizlə maraqlanıb, evin tikilib başa çatdırılması üçün göstəriş verib. Bu bizim üçün böyük bir hədiyyədir. Həyatımız boyu özümüz işləyib belə bir ev tikə bilməzdik, 1 otaqlı kirayə daxmaya isə ödəməyə pulumuz belə yox idi. İndi tək dərdim bu uşaqların dolanışığıdır. Dövlətdən qızların hərəsinə 65 manat müavinət verilir. Bir də özüm süpürgəçilik edib qazanıram, birtəhər dolanırıq”.


İndi Tünzalə xanımı narahat edən əsas uşaqların himayəsi ilə iş məsələsinin bir-birilə uzlaşmamasıdır: “Qızları hər gün oxuduqları 148 nömrəli məktəbə aparıram, dərsləri ayrı- ayrı vaxtlarda bitdiyi üçün iki dəfə onları gətirmək üçün eyni yolu gedirəm. Piyada təxminən 20-25 dəqiqəlik yoldur. Avtobusa verməyə pulumuz olmadığından hər gün piyada gedirik. Elə yaşdadırlar ki, evdə onlara nəzarətsiz qoyub işə gedə bilmirəm. Mən də süpürgəçiyəm, yol süpürürəm, səhər tezdən işdə olmalıyam. Rəhbərlik isə uzun müddətdir ki, güzəşt edir, ancaq artıq seçim etməliyəm. Ya işdən çıxıb uşaqlara baxmalı, ya da onları nəzarətsiz qoyub işə çıxmalıyam. Evdə otursam bir tikə çörəyə də həsrət qalacam, heç bir əlavə gəlirimiz yoxdur. Qızları isə bu yaşda yola tək buraxa bilmərəm, məktəbə getdikləri yolda nəqliyyat sürətlə hərəkət edir, çox təhlükəlidir. Qorxuram ki, bir gün anaları kimi onları da maşın vura bilər. 56 yaşım var, pensiya yaşıma da hələ 9 il qalıb. Mərhum bacımın aylıq maaşı bu uşaqlara təyin olunsa, mən də oturub onların qayğıları ilə məşğul ola bilərdim”.


Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov məsələ ilə bağlı açıqlamasında bildirdi ki, mərhum Cəmilə Salahovanın aylıq əmək haqqı yetkinlik yaşına çatana qədər hər ay azyaşlı qızlarına ödənilməlidir: “Əgər valideyn əmək müqaviləsi ilə işləyirsə, bədbəxt hadisələrdən icbari sığorta olunubsa, həmin sığorta şirkəti uşaqlar yetkinlik yaşına çatana qədər, əgər ali təhsil alarlarsa, həmin dövrdə də mərhumun aylıq maaşının 100 faizi həcmində hər ay sığorta pulu ödənilməlidir. Əgər sığorta olunmayıbsa, o zaman bu pulu işəgötürən ödəməlidir. Yox əgər əmək müqaviləsi də yoxdursa, o zaman məhkəməyə verilə bilər və məhkəmə qaydasında işəgötürən hər ay həmin vəsaiti uşaqların hesabına köçürə bilər. Həmin qadının əmək müqaviləsi var imişsə, həmin vəsait ödənilməlidir. Əks halda məhkəmə qərarı ilə bunu bərpa etmək olar. Hətta qərarın geriyə də qüvvəsi var və almadığı müddəti də hesablanıb ödənilməlidir”.



BAKU.WS