SİZİN REKLAM BURADA!
055 213 76 73



"Kristal Abşeron" MTK-nın sakinlərinin narazılıqları durmadan artır.


BAKU.WS xəbər verir ki, bu barədə bina sakini Hüseyn Hüseynov bildirib. Onun sözlərinə görə, 25 oktyabr 2016-cı ildə "Kristal Abşeron"dan mənzil alıb. Həmin vaxt şirkətlə bağladığı müqavilədə kommunal xidmətlrlə bağlı bənd olub. 


“Müqavilədə göstərilir ki, qazanxana xidmət göstərəcək. İdarə edilən mülkiyyətçi bu xidmətləri göstərməyi öz öhdəsinə götürüb. Qış aylarında, 15 noyabrdan 15 aprelə qədər mənzilin istiliklə təmin edilməsi "Kristal Abşeron" şirkəti öz öhdəsinə götürür”, - deyə Hüseyn Hüseynov bildirib.



Vətəndaşın sözlərinə görə, noyabrın 15-dən qazanxanaların fəaliyyəti dayandırılıb:


“Şirkətin Xırdalan layihəsinin müdiri Azər Mehtiyevə ərizə yazdım. Bu günə qədər də şikayət ərizəmə cavab verilməyib.


Deyirlər ki, 650 manat ödəyin, kombi çəkilsin. Əgər şirkət öhdəliyi pozursa, mən niyə pulu ödəməliyəm?


Bu pulu da kreditləşdirirlər. Ümumi xərc də gəlib 750 manata çatır. İlkin ödəniş kimi isə 100 manat tələb edirlər.



Bizim imzaladığımız müqavilə 2016-ci ildən qüvvəyə minib, 2020-ci ilə qədər etibarlıdır. Bu o deməkdir ki, göstərilən öhdəliklər 2020-ci ilə qədər yerinə yetirməlidir”.


Hüquqşünas Ruslan Vəliyev BAKU.WS-ə açıqlamasında şikayət edən sakinlərə tövsiyyə edib ki, hüquqları pozulubsa, mütləq məhkəməyə müraciət etsinlər.


“Əgər MTK vətəndaşları istilik sistemi ilə təchiz edəcəyilə bağlı öhdəlik götürübsə, onda müqavilənin şərtlərinə əməl olunmalıdır.



Məcəllədə müqavilənin şərtlərinin pozulması qanun pozulması sayılır. MTK əgər müqavilədə göstərilən şərtləri yerinə yetirmirsə, bu da onun üzərində mülki məsuliyyət yaradır. Vətəndaş bununla bağlı məhkəməyə müraciət edə bilər”, - deyə Ruslan Vəliyev bildirib.


Hüquqşünas deyir ki, bu zaman kombi və digər istilik sistemlərinin quraşdırılması üçün ödədiyi pulu geri qaytara bilər:


“Bundan əlavə, əgər MTK-nın qanun pozması üzündən vətəndaşa, yaxud onun yaxınlarına zərər dəyərsə, bu zaman şirkət məsuliyyət daşıyır. Müqavilə şərtlərinin pozulması nəticəsində, kimsə xəstələnib, müalicə alıb, yaxud, məcbur olub, elektrik sobası quraşdırıbsa, bu zaman əlavə xərc yaranıbsa, bunlar MTK-dan tələb oluna bilər. Məhkəmə qaydasında bu şərtlər nəticəsində dəymiş ziyan ödənilə bilər.


Məhkəmə MTK-ya öhdəlik qoyacaq ki, həmin vəsait ödənilsin”.


Məsələ ilə əlaqədar “Kristal Abşeron”un satış meneceri Rəşad Qurbanovla əlaqə saxladıq. Rəşad Qurbanov BAKU.WS-ə açıqlamasında bildirdi ki, həmin şəxsin şikayəti araşdırılacaq. O ki, qaldı “Kristal Abşeron”un istilik sistemindən imtina etməsinə, şirkət rəsmisi buna məcbur olduqlarını bildirib:


“Ötən ildən bəri verilən təbii qazın qiymətində artım olub. Qazanxanalarda istifadə etdiyimiz qazın 1 kubmetri dövlət tərəfindən bizə 20 qəpikdən verilir. Yəni qiymətlər iki dəfə artırılıb. Qazın qiyməti qalxmayana qədər qiymətləri qaldırmamışdıq. Sonra məcbur olduq ki, qiymətləri qaldıraq.


Biz istəmərik ki, sakinlərimiz narazı qalsın. Bu səbəbdən də, bu ildən istilik sistemlərimizi dayandırdıq.


Camaata verilən limiti bizə vermirlər. Deyirlər ki. Bu hüquqi şəxs üçün deyil.


Əgər 50 kv otağı qızdırmağa 25 manat xərc yaranırdısa, indi bu xərc 50 manat oldu. Bu da sakinlərə sərf eləmədi. Sakinlər dedilər bizə limit verilir. Lakin bizə bu limit bizə verilmir. Bizim qazanxanada yanan qazın xərci hüquqi şəxslər üçün bahadır.


Ona görə də, kombi sisteminə keçirik. Zavodla danışıb, razılıq əldə etmişik. Camaat üçün kreditlər təşkil edilir. Bu zaman sakinlərə 1500 kub limit də veriləcək. Burada bizim heç bir maddi marağımız yoxdur”.



Rəşad Qurbanov deyir ki, sakinlərlə bağlanılan müqavilə şərti pozulmayıb:


“Bizim qazanxana sistemimiz var və hazırda da işlək vəziyyətdədir. Əgər biz qazanxana sistemini qurmamış olsaydıq, sakin deyə bilərdi ki, müqavilədə bu sistemin mövcud olduğu yazılıb.


Qazanxana sistemini qurmamısan, mənə qazı ikiqat qiymətə satırsan, indi də deyirsən ki, get kombi al. Biz qazanxana qurmuşuq. Ona xərc çəkilib və müqavilədəki həmin bəndə əməl edilib. Biz gördük ki, ciddi problemlər yaranır, bu səbəbdən də kombi sisteminə keçməyə məcbur olduq.


Vətəndaşlar narazılıq edirlərsə, onda “Azərqaz”a şikayət etsinlər ki, qazın qiymətini aşağı salsınlar. Bu zaman biz də istilik sistemini bərpa edib, köhnə qiymətə qaz verərik.


Kombi məsələsinə gəlincə, hazırda onun satış qiyməti 850 manatadır. Biz istehsalçı ilə danışmışıq və vətəndaşlara kombini 650 manata veririk. Sakinlərə bildirmişik ki, kombini özünüz alırsız, onun çəkilməsi və usta haqqı bizim tərəfindən ödəniləcək.


MTK nə etməlidir? Ya qazı baha satmalıdır, yəni istilik xidmətinin qiymətini qaldırmalıdır. Bu da vətəndaşlar üçün əlverişli deyil. Bu səbəbdən də, istilik xidmətindən imtina etməyə məcburuq”.


Cavid Babayev
BAKU.WS