SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda Dövlət Yol Polisi əməkdaşı yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Bu barədə BAKU.WS-ə hadisə şahidi məlumat verib.

Onun göndərdiyi videoda görünür ki, DYP əməkdaşı xidməti avtomobilini Nobel prospektində hərəkətin sıx olduğu yolayrıcında saxlayıb.

YPX əməkdaşı maşını yolun sağ zolağında saxlamaqla bu istiqamətdə hərəkət edən avtomobillərə ciddi maneə törədir.

“Yol-patrul xidməti haqqında Təlimat”a əsasən YPX əməkdaşının xidməti maşınını sözügedən ərazidə saxlaması qadağandır.

Təlimatda bildirilir ki, patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır.

“Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsində isə bildirilir ki, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmaq, durmaq qadağandır.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə bildirdi ki, vəziyyətə düzgün münasibət bildirmək üçün həmin hadisə araşdırılmalıdır.

“Mən videonu görməmişəm. Amma onu deyə bilərəm ki, inspektorun orada dayanması o demək deyil ki, bilərəkdən qaydaları pozur. Ola bilər ki, həmin inspektor əhəmiyyətli tapşırığı yerinə yetirmək üçün orada dayanıb. Səbəbsiz dayanmayıb. Lazım gələrsə, sayrışan işıqlarından da istifadə edir. Çünki DYP əməkdaşının hərəkətinə mərkəzdə nəzarət edilir. İşin sonunda da hesabat verilir. Yox, əgər həqiqətən qanun pozuntusudursa, həmin inspektor cəzalandırılacaq”, - deyə Vaqif Əsədov bildirdi.

Zaur
BAKU.WS