SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünyaca məşhur reper aprelin 28-i Bakı Kristal Zalında səhnəyə çıxacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, dünya musiqisində özünəməxsus ifaları ilə seçilən reper Kardi B “Formula 1 Azərbaycan Qran Prisi-2019” başa çatdıqdan sonra axşam saatlarında keçiriləcək konsert proqramı ilə möhtəşəm yarış həftəsonuna öz damğasını vuracaq.

Ötən il olduğu kimi bu il də dünya ulduzlarının verəcəyi axşam konsertləri Bakı Kristal Zalında baş tutacaq.

Uşaqlığı Nyu-York şəhərinin Bronks səmtində keçən və əsl adı Belkalis Almanzar olan Kardi B reperlik fəaliyyətindən əvvəl etdiyi mübahisəli paylaşımları ilə sosial şəbəkələrdə məşhurlaşıb.

Kardi B 2015-2017-ci illər arasında VH1 televiziya kanalınının “Love & Hip Hop: New York” realiti şousunun daimi üzvü olub və 2017-ci ilin fevralında “Atlantic Records” səsyazma şirkəti ilə ilk böyük müqaviləsini imzalayıb. Onun həmin şirkət ilə birgə çıxardığı "Bodak Yellow" adlı sinqlı ona solo Lorin Hildən (1998) sonra ABŞ-ın “Billboard Hot 100” hit-paradında 1-ci yeri tutan 2-ci qadın reper statusunu qazandırıb. Üç həftə ard-arda 1-ci yeri qoruyub saxlayan reper Taylor Svift ("Look What You Made Me Do") ilə birgə 2017-ci ildə qadın ifaçılar arasında hit-paradın ən uzun müddətli nömrə 1-i olub. Həmin sinql reperin 2018-ci ildə çıxardığı “Invasion of Privacy “ adlı ilk musiqi albomuna da daxil edilib.

2017-ci ilin mayında açıqlanan “BET” mükafatlarının namizədləri arasında Kardi B “Ən Yaxşı Yeni İfaçı” və “Ən Yaxşı Qadın Hip-Hop İfaçısı” kateqoriyaları üzrə yer alıb. Digər məşhur ifaçılarla birgə çıxardığı "No Limit" və "MotorSport" mahnıları ilə isə “Hot 100” hit-paradı və “Hot R&B/Hip-Hop Songs” siyahısında ilk 10-luğa daxil olub.

Keçən ilin yanvarında Bruno Marsın “Finesse” mahnısının remiks versiyasında çıxış edən Kardi B həmin mahnının 90-cı illər ab-havasında çəkilmiş klipində də iştirak edib. 18 yanvar tarixində isə həm “Billboard Hot R&B”, həm də “Hip-Hop chart” siyahısında eyni anda sinqllar üzrə ilk 10-luğa düşməyi bacaran ilk qadın ifaçı olub. Ötən il martın 30-da "Be Careful" sinqlını çıxaran reper həmin il aprelin 6-sı “Invasion of Privacy” adlı ilk musiqi albomunu da təqdim edib.

BŞH-nin icraçı direktoru Arif Rəhimov Kardi B-nin Bakıya gəlişinə belə münasibət bildirib: “Dünya musiqisinin ən istedadlı nümayəndələrindən birinin builki yarışımızın bağlanış konsertində iştirakı bizi çox sevindirir. Qısa müddət ərzində özünəməxsus tərzi ilə digərlərindən olduqca fərqlənən Kardi B artıq musiqi aləmində bənzərsiz səslərdən biri kimi özünü sübut edib. Bakı Şəhər Halqasında baş tutacaq yarış kimi Kardi B-nin çıxışında da inanılmazı yaşamağa hazır olun! Azərbaycan Qran Prisinin bağlanış mərasimini ən gözəl şəkildə qeyd etmək və gərgin mübarizə və əyləncə ilə dolu unudulmaz yarış həftəsonundan sonra tamaşaçılarla xoş təəssüratlarla ayrılmaq üçün Kardi B ən uyğun seçimdir. Aprelin 28-i Kristal Zalda baş tutacaq konserti səbirsizliklə gözləyirəm. Bizimlə birlikdə olmaq üçün biletlərinizi indidən əldə etməyə tələsin”.

Bütün bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Tamaşaçıların Bakı Şəhər Halqasından Kristal Zala rahat gediş-gəlişi xüsusi avtobuslar vasitəsilə həyata keçiriləcək.

Yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit Yolu Gəzintisində iştirak edə biləcəklər. Bundan xaricində bütün bilet sahibləri gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarına və həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib dənizkənarı bulvarı boyunca uzanan zonada müxtəlif əyləncə proqramlarına qatıla biləcəklər.

“Formula 1 Azərbaycan Qran Prisi – 2019”-u canlı izləmək üçün indidən bilet almaq və Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər ətraflı məlumatı rəsmi saytımızdan əldə edə bilərlər: www.bakucitycircuit.com