SİZİN REKLAM BURADA!
055 213 76 73



"Qarabağ" Avropa Liqasının qrup mərhələsində V tur matçına çıxıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Bakı Olimpiya Stadionunda Portuqaliya "Sportinq"ni qəbul edib. Görüş qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin baş məşqçi Qurban Qurbanov qapını Hannes Halldorssona həvalə edib. Müdafiənin mərkəzində kapitan Rəşad Sadıqovla Yakub Jezniçak, sağda Maksim Medvedev, solda Donald Gerye yer alıb. Yarımmüdafiənin mərkəzində Qara Qarayev, Simeon Slavçev və Miçel Madeyra "üçlüy"ü qərarlaşıb. Cinahlar Mahir Mədətovla Abdullah Zubirə həvalə olunub. Araz Abdullayev isə zədəli İnnosent Emeqaranın yoxluğunda hücumçu kimi meydana çıxıb.

Oyuna hücumlarla başlayan qonaqlar hesabı erkən açıblar. Yakub Jezniçak cərimə meydançası daxilində Bas Dosta qarşı kobud oynayıb. Zərərçəkən təyin olunan penaltini 5-ci dəqiqədə dəqiq yerinə yetirib - 1:0. Lakin "Qarabağ"ın cavab qolu özünü çox gözlətməyib. Artıq 14-cü dəqiqədə Donald Gerye rəqibin cərimə meydançasında cinahdan ötürülən topu sinəsi ilə Abdullah Zubirin qarşısına atıb. Mərakeşli yarımmüdafiəçi fürsəti boşa verməyib. Gəl ki, 20-ci dəqiqədə Brunu Fernandeş uzaq məsafədən vurduğu qolla yenidən "Sportinq"i önə çıxarıb. 33-cü dəqiqədə isə Luiş Nani solo-keçidini qolla yekunlaşdırıb.

Komandalar fasiləyə qədər hərəyə daha bir qol vurmağa yaxın olub. Miçel Madeyranın qapıçının başı üzərindən aşırdığı topu rəqib müdafiəçi xətdən çıxarıb. Brunu Fernandeşin zərbəsi isə qapı tirinə tuş gəlib.

"Qarabağ" ikinci hissəyə daha fəal başlasa da, qol vəziyyəti yaratmaqda çətinlik çəkib. Rəqib isə daha çox tempi öldürməyə və hesabı qorumağa çalışıb. Buna rəğmən, qonaqlar 65-ci dəqiqədə daha bir qol vurublar. Abdulay Diabi fərqlənib. 73-cü dəqiqədə isə Vendel "Sportinq"in 5-ci qolunu vurmağa yaxın olub. Ancaq onun baş zərbəsi qapının üstündən keçib.

Bununla belə, lissabonlular daha 2 qol vurmağı bacarıblar. Bruno Fernandeşlə Abdulay Diabi "dubl"a imza atıblar. Onlar müvafiq olaraq 75 və 81-ci dəqiqələrdə fərqləniblər.

Beləliklə, "Qarabağ" pley-offa vəsiqə qazanmaq baxımından nəzəri şansını da itirib. "Sportinq" isə İngiltərə "Arsenal"ı ilə birgə qrupdan çıxıb...

Avropa Liqası, Qrup mərhələsi, V tur

29 noyabr


21:55. "Qarabağ” – "Sportinq” - 1:6

Qollar: Abdullah Zubir, 14 - Bas Dost, 5 (pen.). Brunu Fernandeş, 20; 75. Luiş Nani, 33. Abdulay Diabi, 65; 81

Baş hakim: Petr Ardelyanu

Yan xətt hakimləri: Petr Blajey, Tomaş Mokruş

Əlavə köməkçilər: Zbınek Proske, Emanuel Marek

Dördüncü hakim: Yan Patak (hakimlər briqadası Çexiyadandır)

Hakim-inspektor: Bernardino Qonsales Vaskes (İspaniya),

UEFA nümayəndəsi: David MkDauel Zor (Sloveniya)

Bakı Olimpiya Stadionu

BAKU.WS