VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Prezident İlham Əliyev futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Təşkilat Komitəsinin sədri Baş nazirin birinci müavini Yaqub Eyyubov, sədrin müavini isə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti, UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı əməliyyat işlərinin rəhbəri Rövnəq Abdullayev təyin edilib. Təşkilat Komitəsinə 23 üzv daxildir.

Sərəncama əsasən Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı bütün təşkilati işlərin icra olunması, UEFA ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunub. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim etməlidir.

Sərəncamda deyilir ki, Azərbaycanın artan beynəlxalq nüfuzu və idmana dövlət qayğısı sayəsində hər il ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilir. Belə yarışlar sırasında futbol xüsusi yer tutur. 17 yaşınadək qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə və 17 yaşınadək kişilər arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir. Eyni zamanda, ölkəmiz 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununa (üç qrup və bir ¼ oyunu) ev sahibliyi edəcək.

2017-ci il sentyabrın 20-də Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib. Nüfuzlu turnirin final oyununun Bakı şəhərinə həvalə edilməsi ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə beynəlxalq və Avropa futbol qurumları tərəfindən verilən yüksək qiymətin göstəricisidir.

Bu oyunların Bakıda təşkili futbolun daha da inkişafına, ölkəmizdə idman sahəsində həyata keçirilən dövlət siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacaq.