VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena, baytarlıq və fitosanitar tələblərin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir.

Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, AQTA-nın mütəxəssisləri tərəfindən həyata keçirilən qida təhlükəsizliyi üzrə yoxlama tədbirləri çərçivəsində “BMS Aqro” MMC tərəfindən istehsal olunmuş və satış şəbəkələrində “Ketchi” əmtəə nişanı altında satılan “Qarabağ motal pendiri” və şor məhsulundan müayinələr üçün nümunələr götürülmüş və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilmişdir. Aparılan müayinələr nəticəsində həmin məhsullarda bakterioloji çirklənmə faktı aşkar olunmuşdur.

Qeyd olunanları nəzərə alaraq, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “BMS Aqro” MMC-yə “Ketchi” əmtəə nişanı altında satılan “Qarabağ motal pendiri” və şor məhsulunun ticarət şəbəkələrindən yığışdırılması, istehsalının dayandırılması ilə bağlı xəbərdarlıq edilmişdir.

Qida Təhlükəsizliyi Agentliyi bir daha bəyan edir ki, sanitar-gigiyenik tələblərə cavab verməyən və insan sağlamlığına ciddi təsir göstərə biləcək bu cür məhsulların istehsalı və satışı ilə məşğul olan sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcəkdir.

BAKU.WS