SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində fəaliyyət göstərən Xaraba-Gilan arxeoloji ekspedisiyası Plovdağ abidələr kompleksində, Dəlmə qalasında və Xaraba-Gilan şəhər yerində tədqiqatlar aparıb. 

BAKU.WS-in AMEA-ya istinadla verdiyi məlumata görə, Arxeoloji ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin sözlərinə görə, cari ilin tədqiqat mövsümünün ilkin mərhələsində Plovdağın ikinci nekropolunda 7 kurqan tədqiq edilib.
 
E.ə. III minilliyin sonu-II minilliyin əvvəllərinə aid bu kurqanlarda Urmiya yaxınlığında yerləşən Göytəpə abidəsinin K təbəqəsi keramikasına uyğun gil qablar aşkar edilib. Daha çox Naxçıvanda və Urmiya ətrafı abidələrdə yayılmış bu tip keramika, hər iki bölgənin orta tunc dövründə vahid arxeoloji mədəniyyət arealında olduğunu sübut edir.

B.İbrahimli bildirib ki, həmçinin Naxçıvan Dövlət Universitetinin Tarix fakültəsinin birinci kurs tələbələri Xaraba-Gilan arxeoloji ekspedisiyasında iki həftəlik təcrübə keçiblər. Plovdağda tunc dövrünə aid aşkar edilmiş insan qalıqları AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərlik etdiyi Azərbaycan-Amerika Beynəlxalq Arxeoloji Ekspedisiyasının üzvü, Çikaqo Universitetinin antropoloqu Selin Elizabeth Nugent tərəfindən tədqiq edilməkdədir.
 

 

 

BAKU.WS