SİZİN REKLAM BURADA!
055 213 76 73


Savadsız olmaq günah deyil, amma arzuolunmazdır. Hətta ürəkağrıdıcıdır. Təbii, mühitdən, şəraitdən asılı olmayaraq, kimsə savadlanmaya bilər. Lakin cəhd etməmək – bu artıq təəssüfləndiricidir. Xüsusilə də sənət adamları üçün. 

Doğrudur, Allah istedad verir – kimi oxuyur, kimi çalır, kimi rəqs edir, kimi çəkir... Amma istedadını gələcəkdə genişmiqyaslı şəkildə nümayiş etdirmək, tanınmaq, populyar olmaq, hətta sevilmək istəyənlərin dünyagörüşlərini inkişaf etdirməkləri üçün savadlanmaqları mütləqdir. Nədən ki, bu adamlar ictimayiət içində olur, eləcə də efirə çıxır. Yəni olurlar millətin mədəniyyət, ya da incəsənət siması, sözçüsü – qısaca, təmsilçisi. Hər halda, nə qədər istedadlı olsan da, bundan yana sevilsən də, ağzını açıb, normal bir kəlmə deyə bilməyəcəksənsə, o zaman batsın o istedad! Bəlkə bir az sərt oldu. Amma özünə hörmət edən müəyyən təbəqə nədən bəhs edildiyini daha doğru anlayar.

Əslində bu yazıda məqsəd kimisə təhqir etmək yox, efirə çıxan əksər savadsız sənətçilərin rəzil duruma düşməkdən çəkindirməkdir. Bunun üçün isə ən yaxşısı, maraqlanmaq, oxumaq, məlumatlanmaqdır.  Belə olsa, kimsə xalq artisti Səməd Səmədov kimi himnimizin müəlliflərinin kimliyini bilməkdə çətinlik çəkməz, xalq artisti Məleykə Əsədova kimi Şuşanın işğalı gününü (8 may 1992) əlamətdar gün kimi təqdim etməz, Mətanət Əsədova kimi dünyaşöhrətli fizik Albert Eynşteyni tanımayıb, şit halda yoxuşteyn adlandırmaz, Şəbnəm Tovuzlu kimi avropanın paytaxtını Amerika adlandırmazdı... 

Əksər sənət nümayəndələrimizin bu şəkildə efirdə yaşadıqları biabırçı hallar yetərincədir. Amma artıq yetsə, yaxşı olar. Yetsin ki, həm mədəniyyət və incəsənətimiz məhv olmasın, həm də millət efirə könül xoşluğu ilə baxsın. Baxsın ki, sənət adamlarının savadı, danışığı, hətta özlərini aparmaq qabiliyyətləri ilə qürur duya bilsin! Əks halda, əsl mənəvi faciə baş verə bilər və bunun qarşısını almaq çox çətin olacaq. Axı bir millətin tarixi onun mədəniyyətindən başlayır!

Azər NƏSİBOV 
BAKU.WS
VİDEO