SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Akademik Milli Dram Teatrında xərçəng xəstəliyindən dünyasını dəyişən 73 yaşlı xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilib.

BAKU.WS-in məlumatına görə, mərasimdə mərhum aktrisanın ailə üzvləri, sənət dostları, həmkarları, eləcə də mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı meri səlahiyyətlərini icra edən Eldar Əzizov da iştirak edib.

Mərasimə qatılanlar A.Pənahova haqqında fikirlərini ayrı-ayrılıqda BAKU.WS-lə bölüşüblər.


Əməkdar artist Hüsniyyə Mürvətova:

"Çox ağırdır danışmaq. Böyük sənətkarımızı itirdik. Ondan da əlavə, Amaliya xanım bizim teatrın həm rəhbəri idi, həm də anası. O, bizim mənəvi anamız idi. Biz mənəvi anamızı, müəllimimizi, ustadımızı, xoş günlərimizi itirdik.

Oktyabrın 31-də elə bu binada (Akademik Milli Dram Teatrı - red.) premyeramız oldu. Layihənin rəhbəri Amaliya xanım, rejissoru Mərahim Fərzəlibəyov idi. Çox gözəl tamaşa təhvil verdik. 2 gün əvvəl bizi yığdı, iclas etdi, bizə öz töhfələrini verdi. Dedi ki, premyerada görüşərik. Çox təəssüflər olsun ki, o, bizim sonuncu premyeramıza gələ bilmədi".


Millət vəkili Hadı Rəcəbli:

"Amaliya xanım Milli Məcslisdə deputat olduğu dövrdə mədəniyyət işçilərinin sosial müdafiəsi məsələsini daim gündəmə gətirirdi. O, həmin dövrdə həm yaxşı aktrisa, həm də fəal siyasətçi idi. O, mədəniyyət işçilərinin mənafeyini qoruyan, müdafiə edən gözəl bir insan idi. Ona görə də biz buradayıq. Allah rəhmət eləsin".


Əməkdar artist Sənubər İsgəndərli:

"Amaliya xanım həm gözəlliyi ilə, həm sənəti ilə adını teatr tarixinə yazan sənətkar idi. Sənətə hər il neçə-neçə aktyorlar, aktrisalar gəlir, amma onların çox cüzi hissəsi adlarını teatr tarixində yazdıra bilir. Amaliya xanım məhz elə aktrisalardan idi.

Onunla sonuncu dəfə 2-3 ay əvvəl görüşmüşdüm. Çox isti münasibətimiz var idi. Bilirəm ki, o, teatrındakı bütün aktyorlarına həm rəhbər, həm də ana kimi münasibət göstərirdi.

O, Akademik Milli Dram Teatrında çalışdığı dövrdə mən hələ sənətdə təzə-təzə addımlayırdım. Onunla bir teatrda işləsəm də, təssüflər olsun ki, bir səhnəni paylaşa bilmədim".


Əməkdar artist Firəngiz Babayeva:

"Biz bu gün Bakı Bələdiyyə Teatrında çalışdığımız müdiri yox, ana-bacımızı itirdik. Onu tək biz deyil, bütün Azərbaycan mədəniyyəti itirdi. Allah rəhmət eləsin, bütün teatrsevərlərə səbr verin".

Vida mərasimindən sonra sənətkar yağışlı havada alqış sədaları altında son mənzilə yola salındı. 73 yaşlı mərhum aktrisa vəsiyyətinə uyğun olaraq həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında torpağa tapşırıldı.

Hüseyn Məmmədsalahov
BAKU.WS