SİZİN REKLAM BURADA!
055 213 76 73



"Eurovision - 2011" mahnı müsabiqəsinin qalibi, müğənni Nigar Jamal BAKU.WS saytına eksklüziv müsahibə verib.


- Adınız 11-ci siniflər üçün nəzərdə tutulmuş “Azərbaycan tarixi” dərsliyinə düşüb. Mənə maraqlıdır, məktəb vaxtı tarix fənninə münasibətiniz necə olub və o vaxt düşünürdünüzmü ki, nə vaxtsa sizin də adınız tarix kitabına düşəcək?

- Bu, mənim ən böyük istəyim idi. Həmişə deyirdim ki, Azərbaycanın tarixinə düşmək istəyirəm. İstəyirdim ki, elə həyat yaşayım ki, “o dünya”ya gedəndən sonra ölkəmin tarixində nəsə qalsın. Bu, mənim üçün çox önəmli idi, amma düşünmürdüm ki, 38 yaşımda belə bir şey olacaq.

Əlbəttə ki, çox xoşdur. Bilirəm ki, çoxlu danışırlar, söz ata bilərlər, nəsə deyə bilərlər, amma biz Eldarla Azərbaycanın tarixinə düşən yeganə müğənnilərik.


- Şou əhli niyə sizə qısqanclıqla yanaşır?  Bəlkə, sizin qalibiyyətinizi həzm edə bilmirlər?

- Ən əsası odur ki, mən öz işimi görürəm, həyatımı yaşayıram, heç kimin həyatına girmirəm, heç kimə söz atmıram. Bu, lazımsız bir şeydir. İşimi görürəm, dostlarımla görüşürəm, zarafat edirik. Sadəcə olaraq, bizdə zarafatı kiməsə söz atmış kimi qəbul edirlər. Mən sadəcə zarafat etməyi xoşlayıram. Xoşlarına gəlirəm, gəlmirəm, inanırsınız, heç vecimə də deyil.

- “Səndən uzaq” mahnısı da seçildi. Necə oldu ki, birdən-birə lirik mahnı ifa etdiniz?

- Əslində, çoxdandır mahnı çıxartmırdım. Qərara gəldik ki, lirik mahnı çıxardaq. Bundan sonra oxuyacağım ikinci mahnı da lirik olacaq. Düşünürəm ki, Bakıda insanlar daha çox lirik mahnılara üstünlük verirlər.


- Demişdiniz ki, heç bir Azərbaycan ifaçısını dinləmirsiniz.

Yox, dinləyirəm. Əgər hansısa bir mahnı xoşuma gəlirsə, mütləq dinləyirəm.

- Son zamanlar hansı mahnını dinləyirsiniz?

- “Hardasan” (Aygün Kazımova – red.) və “Canan” (Əhməd Mustafayev – red.).

- Şəxsi həyatınızla bağlı sualları cavablandırmağı sevirsiniz?

- Alışdım.

- Jurnalistlər sizə tez-tez hansı sualları verir və artıq onlara cavab vermək istəmirsiniz?

- Həyatınızda kimsə var?  


- Sizcə, niyə hamıya məhz bu maraqlıdır?

- Ümumiyyətlə, bizim mediamıza daha çox şəxsi həyat maraqlıdır nəinki mahnılar. Mən onları da başa düşürəm. Müsahibə alan jurnalistlər istəyirlər ki, onları daha çox oxusunlar. Bizdə isə şəxsi həyatdan danışanda oxuyurlar, sənətdən danışanda isə heç kəs oxumur.

- Bir ay əvvəl 38 yaşınız tamam oldu. Heç vaxt yaşını gizlətməyən Nigar Jamal özünü neçə yaşda hiss edir?

- Bu, mənim üçün problem deyil. Düzdür, mənə deyirlər ki, 38 yaşındasan, özünü uşaq kimi aparırsan. Amma mən bunu hiss etmirəm. Avropada insanlar yaşa baxmırlar. Onlar oturub düşünmürlər ki, 40, 50 və ya 60 yaşındayam. İnsanlar sadəcə həyatlarını yaşayırlar. Həm də indi cavanlıq o qədər uzanıb ki, oturub yaşdan danışmaq düzgün də deyil.

Əlbəttə ki, kimsə sancmaq istəyəndə yazır ki, “az qalıb ee...”, “yaşın gedir...”. Gedir, gedir də, sizə nə var? Həyat mənimdir, nə istəyirəm onu da edirəm.


- Yerli telekanallarda sizi görmürük. Əminəm ki, dəvət edirlər...

- Mən Bakıya gələn kimi başlayırlar zəng etməyə, dəvət edirlər. Sadəcə vaxtım yoxdur. Budəfəki gəlişimdə fransızların çəkiliş heyəti ilə  ora-bura gedirəm. Onlar Azərbaycan haqqında film çəkirlər. Ona görə də heç bir proqrama çıxmağa vaxtım yoxdur. Həm də Londonda yaşayıram. Bakıda yaşasaydım, çox asan olardı. 1 həftə ərzində hansı işləri görə biliriksə görürük.

- Zəngin bir müğənni olsaydınız, hansı sosial layihəni həyata keçirərdiniz?

- Əgər kiməsə kömək etmək istəyirsənsə, onu çəkib göstərmək nəyə lazımdır? Kömək etdin, qurtardı getdi. Bunu işıqlandırmağı xoşlamıram.

- Övladlarınızdan nə danışa bilərsiniz? Son zamalar demək olar ki, onları görmürük.

- Birincisi, onlar böyüyürlər, ikincisi də ki, özləri sosial mediada olmaq istəmirlər. Həm də mən istəmirəm ki, qızlarım gələcəkdə şou-biznesə qatılsınlar. Onlarla olan həyatımı da insanlara göstərmək istəmirəm. Bu, bizim həyatımızdır. İstəmirəm ki, bunu işıqlandırsınlar, qızlarımın şəkilləri orada-burada çıxsın. Qızlarım böyüyür. İndi daha maraqlıdır, elə bil rəfiqələrimdir.


- Onlarla daha çox harada vaxt keçirirsiniz?

- Daha çox İngiltərədə. Yayda və qışda isə biz Bakıya gəlirik.

- Repertuarınızda ən çox hansı mahnını sevirlər və ya bərabər olanda onlar üçün hansı mahnınızı oxuyursunuz?

- “Çağıran da ürəkdir”i xoşlayırlar.

- Bu yaxınlarda xəbər oxudum ki, Türkiyədə 46-cı dəfə “Altın Kelebek” mükafatlandırılma mərasimi keçiriləcək. Nigar Jamal kimə səs verərdi?

- Aygün Kazımovaya.


- Yaradıcılığınızı izləyəndə gördüm ki, siz Xocalı faciəsinə klip həsr etmisiniz. Klipi izləyəndə çox təsirləndim və fəxr etdim ki, Azərbaycanda musiqi ilə xalqımızın ağrı-acısını dünyaya çatdırmaq istəyən müğənni də var. Bu layihənin yaranması haqda nə danışa bilərsiniz?  

- Bu layihəni 4-5 il bundan əvvəl həyata keçirmək istəyirdim. Mənim üçün ən önəmlisi Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırmaqdır.

- Bizi daha hansı yeniliklər gözləyir?

- Bir-iki aya bu mövsümüm ikinci mahnısı çıxacaq və İnşallah yeni klip çəkdirməyi də düşünürük.  İrəlidə hələ çox şey var. 

BAKU.WS-in müxbiri Hüseyn Məmmədsalahov və müğənni Nigar Jamal

- Hələlik oxucularımıza deyəcəkləriniz...

Hamıya xoşbəxtlik arzu edirəm. Çox istərdim ki, insanlar daha pozitiv olsunlar. Hər şey problem kimi, pis baxmasınlar. Mən həmişə deyirəm ki, əgər kimsə sizi incidirsə, çalışın o insanlardan uzaq olun. Həyatda hər insanda problem olur. Biz hamımız ilin 365 günü xoşbəxt ola bilmərik. Əlbəttə ki, biz də problem olur. Çalışın hər şeyə pozitiv yanaşasınız və inanın mənə, həyatda özünüzü daha da xoşbəxt hiss edəcəksiniz. Bunu da mənə həyat öyrədib. Əvvəllər hər şeyə ürəyim ağrayırdı, depressiyaya daha tez düşürdüm. İndi əgər bir problemi həll etmək olursa, edirəm, olmursa boş verirəm.   

Hüseyn Məmmədsalahov
BAKU.WS