VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS-in budəfəki müsahibi müğənni, aparıcı, model, aktyor Fariz İlyasovdur.


-Özünüzü özünüzəməxsus şəkildə təqdim edin.


-Qarşılayın! Azərbaycan səhnəsinin şahzadəsi - Fariz İlyasov (gülür-red.)


-Bu mövsüm tamaşaçılar sizi Xəzər TV-də yayımlanan “İmtahan” serialında gördülər. İlk növbədə bu seriala necə dəvət almağınızdan danışın.


-Siması olduğum hər bir layihəyə gəlmə hekayəm hər zaman maraqlı və həyəcanlandırıcı olur. Artıq üzərində çalışmağa başladığımız sürpriz layihələrim var ikən, “İmtahan” serialından da təklif mesajı aldım. Həmin ərəfədə serialın çəkilişlərinin başlama tarixi ilə mənim üzərində çalışdığım yeni layihənin çəkiliş tarixləri üst - üstə düşdüyü üçün təklifə razılıq verə bilmədim. Bir neçə gün sonra layihənin prodüseri çəkilişlərin tarixinin dəyişildiyini açıqladı. Bunun ardınca təsadüfən “İmtahan” serialından mənimlə yenidən əlaqə saxlayıb danışığa dəvət etdilər. Artıq seriala ayıracaq vaxtım olduğuna görə təklifi müzakirə etmək üçün onlara görüşməyə getdim. Serialın rejissoru Ramin Nəbiyev mənə təklif olunan obraz haqqında danışarkən özümü o obrazda canlandırdım və içimdə maraqlı bir həyəcan doğmaga başladı.


-Obrazınızın xarakteri sizə hansı hallarda yaxın, hansı hallarda isə uzaqdır?


-Ceyhun obraz olaraq mənə çox bənzəyir, amma xarakter olaraq tam fərqliyik. Belə ki, Ceyhun Londonda yaşamış, Avropa mental düşüncəsində olan, imkanlı ailənin rahat yaşamağa alışmış övladıdır. Serialda tamaşaçılar Ceyhunu özündənrazı, heç kimi bəyənməyən biri olaraq izləyir. Mən Fariz kimi, bir izləyici olaraq, Ceyhunun sərgilədiyi davranış tərzini dəstəkləməsəm də, bəzən ona haqq qazandırıram. Fərqli bir mühitdən gəlib yeni ətrafına öyrəşə bilmək üçün gərək ətrafın da sənin düşüncəndə olan biriləri olsun. Amma onun yeni tələbə yoldaşları ondan hər cəhətdə çox seçilir.


Farizi tanıyan hər kəs bilir ki, mən Ceyhundan fərqli olaraq, çox istiqanlı və dostcanlıyam. Bənzər cəhətlərimizə gəldikdə isə əvvəldə də qeyd etdiyim kimi obraz olaraq bənzədiyimiz üçün həyatda mənə də çox zaman "soyuq" və "özündənrazı" damğası vurulur. Bir də Jack kimi Fariz də təhsili ilə əlaqədar olaraq ingilisdilli olduğu üçün xarici sözlərdən tez-tez istifadə edir (gülür-red.)



-Universitetə daxil olmaq üçün verdiyiniz imtahanı xatırlayırsınız?


-Hər anını xatırlayıram. O dönəm ailəmizdə yaşanan olaylar psixoloji olaraq məni çox sarsıtmışdı. Əzmlə çalışmağa davam etdim və qarşıma qoyduğum hədəfimə uğurla çatdım. Qəbul imtahanında sualları çox rahat şəkildə cavablandırıb, işarələməyi də vaxtından əvvəl bitirib imtahan otağından çıxmaq istədiyimi, nəzarətçinin imtahan vaxtı bitdikdən sonra çıxa biləcəyimi söylədiyini yaxşı xatırlayıram.


Ən unudulmaz anı isə müəllimimin evində cavabları yoxlayarkən yaşamışdım. Düzgün cavabların sayını görüb sevincdən hönkür-hönkür ağlamışdım. Həyatımın ən ağır dövrünü mənə unutdura biləcək tək şey qazanacağım uğur və bu uğurun mənə yaşadacağı sevinc hissləri ola bilərdi. Həyatımın ən özəl və duyğusal anlarını xatırlayıb o sevinci yenidən yaşamaq da çox dəyərlidir. Çox şükür.


-Hansı rolda oynamaq isteyərdiniz və yaxud hansı rejissorla işləmək arzunuz var?


-İşinin peşəkarı olan, işlədiyim müddətdə mənə qatqısı olan və məni işimdə bir pillə daha yüksəldən rejissorlarla işləmək hər zaman maraqlıdır. Təcrübəli rejissorun mənimlə işləmək arzusunun olmağı da çox vacibdir, çünki yalnız qarşılıqlı arzu, istək olduğu müddətcə insanlar birlikdə maraqlı, keyfiyyətli işlər görə bilər.



-“+18” səhnələrə çəkilən aktyor, aktrisalara münasibətiniz.


-Aktyor sənətinin vəzifəsi həyatda yaşanan olayları canlandırmaqdır. Əgər həyatda “+18” səhnələr olursa, yaşananları göstərmək üçün həmin səhnələri canlandıran aktyorlar da olmalıdır. Sənət nöqteyi-nəzərindən çəkilən, zövqlü və estetik görüntü olan hər növ səhnəyə çəkilərəm.


-Son müsahibələrinizin birində qeyd etmişdiniz ki, "V element" verilişinə gələndən sonra orada aparıcılardan istədiyiniz münasibəti görmədiniz. Maraqlıdır, sizi çox da sevməyənlər niyə sizinlə çalışmaq istəsinlər?


-Verilişə bəyənilərək dəvət edilmişdim, amma inanın qarşılaşdığım qeyri-adekvat münasibətin səbəbini mən də bilmirəm və həqiqətən çox təəccüblənirdim. Mən verilişə aparıcı kimi dəvət edilmişdim. Mən axı 3 il dövlət televiziyasının efirində gündəlik yayımlanan gənclər proqramının aparıcısı olmuşam. Kürsüdə 3 aparıcı ilə əyləşən maket ola bilməzdim.


-Ranar, Kamilə və Husniyə ilə hazırda münasibətiniz necədir?


-Mənim münasibətim hər zaman içdən, səmimi və sevgi dolu olub, olacaq da. Ranar məni efirdə görüb, bəyənib, öz layihəsinə layiq görüb dəvət etdi, Kamilə mənə ilk gündən isti münasibət göstərdi, Hüsniyə isə hər zaman səmimi oldu. Mən hər birinə uğur arzulayıram.



-İl ərzində bir-birindən fərqli və maraqlı qonaqlarınız olurdu. Hansı sualı son anda qonağa verməmisiniz və niyə görə?


-“V elemet” verilişinin qonaqları çox seçilən şəxslər olurdu. Ona görə də hər həftə çox böyük həyəcanla verilişin çəkilişlərinə hazırlaşırdım. Verilişi izləyən tamaşaçı bilir ki, mən çox sərbəst və açıqsözlü biriyəm. Ona görə də mənə maraqlı olan hər bir sualı rahatlıqla verib qarşı tərəfin cavabını dinləmişəm. Adətən qarşı tərəf cavab verməkdə tərəddüd edirdi. Bu da onun seçimidir.


-Sizin “V element”iniz nədir?


-Mənim beşinci elementim içimdəki çox güclü müsbət energetika, sevgidir… Həyata, insanlara, gördüyüm işə, təbiətə, musiqiyə, məni əhatə edən hər şeyə olan sevgi və şükranlığımdır.


-Aktyorluqdan, muğənnilikdən, aparıcılıqdan da əvvəl modelsiniz…


-Gəlin, bu məsələyə bir daha aydınlıq gətirim. Mən hər şeydən əvvəl musiqi təhsili almışam. Xalq artisti Teyyub Aslanovun xanəndəlik sinfində oxumuşam. Kiçik yaşlarımdan səhnələrdə, konsertlərdə ifalarım, çıxışlarım olub. Amma musiqi təhsilimi davam etdirmədim. Bakı Slavyan Universitetində İngilis dili müəllimliyi ixtisasında ali təhsil almışam. Universitetdə oxuduğum dönəmdə tədbirlərdə fəal tələbə kimi çıxış edirdim.



Elə bu tədbirlərin birindəki çıxışımı izləyib bəyənən “TOTEM” teatr qrupunun rəhbəri Gülnarə Əhmədli məni öz teatr qrupuna dəvət edərək yeni tamaşa qurmağa başladı. Ölkədə keçirilən I Ümumrespublika Teatr Festivalının laureatı olduqdan sonra “Mz Production” və Gənclər və İdman Nazirliyinin birgə layihəsi olan dövlət televiziyasında yayımlanan Müasir Azərbaycan Gənci (MAG) verilişində aparıcılıq fəaliyyətimə başladım. O dönəm model biznesi ilə əlaqəli insanlarla tanışlığım oldu və mənə modellik etmək təklifi gəldi. Xarici görünüşümlə bağlı həmişə xoş fikirlər almışam. Modellik etdiyimi bilməyənlərdən "Maşallah model kimi oğlansan" tipli fikirlər eşitməyə hələ də davam edirəm. (gülür-red.) Uşaqlıq arzumu soruşsanız, bu yalnız musiqi ilə bağlı olub. İxtisasım üzrə çalışmamağımın səbəbi də səhnəyə və sənətə olan ehtirasımla bağlıdır.


-Adətən Azərbaycanda ailələr övladlarının, xüsusilə də qızların model olmasını istəmir, bu sənətə barmaqarası yanaşırlar. Sizin model olmaq istəyinizi necə qarşıladılar?


-Kimin nəyə necə baxdığının heç bir anlamı yoxdur. Mən gördüyüm hər bir işi böyük sevgi və ciddiyyətlə görürəm. Sevgi ilə görülən hər bir işin maddi və mənəvi qazancı da böyük olur.



-Model olmağın çətinlikləri var. Daim formada qalmalısan, pis vərdişlərin olmamalıdır, yuxu rejimin düzgün qurulmalıdır və s. Bu çərçivələr sizi yormur?


-Mən oğlaq burcüyəm. Oğlaqları az-çox tanıyan bilir ki, biz qayda-qanun, çalışqanlıq simvoluyuq. Məni tanıyan hər kəs bilir ki, illərdir sağlam həyat tərzi sürürəm. Gecə 12-də yatıb səhər 8-də oyanıram, düzgün qidalanıram, “fast food”dan, qazlı və spirtli içkilərdən uzağam, fitneslə məşğulam. Bütün bunlar başqalarına çox çətin gəlsə də, mənim hər gün təkrarladığım işlərdir. Bu, artıq mənim həyat tərzimdir.


-“Sexy Santa” fotosessiyanız da çox danışıldı. Məşhur məşqçi Fövqi Əfəndi də belə bir fotosessiya etdirmişdi. Kim kimdən bəhrələnib?


-Bəli, ötən il yeni il qabağı maraqlı səs gətirəcək bir layihə etmək istədik. Santa Claus obrazında çəkilmək prodüserimin təklifi idi. Bu işə bir az həyəcan qatmaq üçün obrazı bir az dəyişməyi təklif etdim. Hər zaman yaşlı, yekəqarın Santa görməyə alışmışıq. Bu dəfə fit və sexy Santa olsa, maraqla qarşılanar deyə düşündüm. Yeni ilə bir neçə gün qalmış çəkilişi gerçəkləşdirib Yeni ilin ilk həftəsi foto layihəni təqdim etdik. Çox böyük maraqla qarşılandı. Fövqinin o tip fotosesiyyasının olduğunu isə sonradan öyrəndim.



-Niyə modellikdən çox aktyorluğa meyllisiniz?


-Mən hər şeydən çox musiqiyə meylliyəm. Ruhum musiqi ilə qidalanır. Sualınıza qaldıqda isə mənə harada tələbat varsa, oradayam.


-Virtual aləmdə tanışlığa necə baxırsız? Bu cür tanışlarınızın sayı çoxdurmu? Real həyatda həmin insanlarla dostluq edirsinizmi?


-Çox yaxşı. Mənim üçün virtual həyat real həyatın parçasıdır. Düzgün şəkildə istifadə edildiyi təqdirdə sosial şəbəkələr həyatı asanlaşdırır, gözəlləşdirir, insanları bir-birinə daha da yaxın edir. Mənim tanıdığım yaxın insanlar var ki, sosial şəbəkələrdən tanış olub ailə qurublar. İndi də xoşbəxt yaşayırlar. Mənim də sosial mediadan tanıyıb dostluq etdiyim şəxslər var. Demək olar, ən yaxın dostlarım elə sosial mediadan tanıdığım dostlarımdır.


-Şou-biznes nümayəndəsi ilə ailə həyatı qurarsınız?


-Natavan Həbibi subay olsaydı, onunla evlənərdim.



-“Bədənim yansın”a mütləq yarıçılpaq çəkilmək lazım idi?


-Bəli. Mən bir işi görməzdən əvvəl onu təsəvvürümdə canlandırıram. Mahnımız üçün üz qabığı hazırlamalı idik. Layihənin prodüseri Kazım Sübhan taclı şahzadə obrazında olmağımı təklif etdi. Çox istedadlı dizayner İbo mənə özəl kristal görünüşlü tac hazırladı. Fotoqrafım Ruslan Məmmədov çəkilişi Qobustanda etməyi təklif etdi.


Qobustan qayaları deyiləndə ağlımda çılpaq təbiət canlanır. O qayaların arasında mən dəbli geyimdə ola bilməzdim, çünki mən də təbiətin bir parçasıyam. Hər bir obrazın öz imici olur. Biz soruşa bilmərik ki, Supermen niyə elə dar geyimdədir və ya niyə alt paltarını geyimin üstündən geyinir. Mənim də obrazim təsəvvürümdə belə canlandı, belə çəkdik. Maraqlı görüntülərin alınacağını bildiyim üçün videoqrafıma klipimin də bir hissəsini Qobustanda çəkməyi təklif etdim və klipdə izlədiyiniz görüntüləri kadra aldıq.



-Məşhurların özünəməxsus qəribəlikləri olur və onlar bunu zaman-zaman etiraf edirlər. Bir etiraf da sizdən gəlsin.


-Mənə dostlarım həmişə yadplanetli kimi baxır (gülür-red.) Yəqin ki, qəribəlik dozasını aşmışam. Əsasən hər kəsin bildiyi ümumi mövzulardan həmişə xəbərsiz qalmağım məni qəribə situasialara salır. Bu da yenə də həyat tərzi və maraqlarla bağlı olan bir məsələdir.


-Gələcək planlarınız. Daha çox hansı sahədə fəaliyyətinizi davam etdirmək istəyirsiniz?


-Hazırda "Best Model of Azerbaijan 2018" yarışmasının iştirakçısı kimi hazırlıqlara başlamışam. Eyni zamanda “İmtahan” serialının çəkilişlərinə davam edirik. Bundan əlavə, yeni filmlər və musiqi karyeram üçün planladığımız proyektlerim var. Xoş ünsiyyət üçün təşəkkür edirəm. Növbəti yeniliklərimdə görüşmək ümidi ilə, sevgi ilə qalın.


Hüseyn Məmmədsalahov
BAKU.WS