SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS-in budəfəki müsahibi Bakı Bələdiyyə Teatrının aktrisası, əməkdar artist Təzəgül Hidayətdir. “Vicdan haqqı”ndan hər kəsin yaddaşında Afaq kimi qalan aktrisanın ilk müsahibəsini sizə təqdim edirik:

- Bir çoxları sizi “Vicdan haqqı” serialından sonra tanıdı. Aktrisa Təzəgül Hidayət sözügedən seriala qədər niyə tanınmırdı, harada idi?

- Əslində, Təzəgül Hidayət o seriala qədər çox yerdə idi... Verilişlərin az olması, serialların isə ümumiyyətlə olmaması səbəbindən məşhurlaşmaq çətin idi. Tələbəlik illərimdən Bakı Bələdiyyə Teatrında çalışıram, bir müddət isə Gənc Tamaşaçılar Teatrında da çalışmışam. Hələ o vaxtdan biz teatr kollektivimizlə bərabər cəbhəyə gedirdik, bütün döyüş nöqtələrində olmuşduq. 2002-ci ildə Bakı Bələdiyyə Teatrının 10 illik yubileyində ümummilli lider Heydər Əliyev 23 nəfəri fəxri adla təltif etdi. Onların içində mən də “əməkdar artist” adına layiq görüldüm. Bizə o vaxtlar “döyüşən teatr” adını vermişdilər, hətta eyniadlı kitabımız da var. Televiziyanın inkişafı, kanalların çoxalması artistlər üçün də şəraitin yaradılmasına gətirib çıxartdı. Artıq çəkilən seriallar vasitəsi ilə artistlər öz istedadlarını nümayiş etdirə bilirlər.

- Necə oldu ki, rejissor Rövşən İsax sizi “Vicdan haqqı”na dəvət etdi?

- Rövşən İsax şəklimi “Vikipediya”da görüb və deyib ki, bu aktrisanı mənim üçün tapın. O vaxtlar da mən Türkiyədə yaşayırdım. İnternetdə isə “Təzəgül Hidayət” yazanda heç nə çıxmırdı, bircə o şəklimdən başqa. Çox adam deyib ki, Təzəgül burada yaşamır. Daha sonra BBT-da çalışan aktrisamız Mahirə Yaqubova nömrəmi onlara verib. Gəldim, Rövşən İsax məni bəyəndi və Afaq obrazına təsdiqləndim.

Əməkdar artist Təzəgül Hidayətin qızı və oğlu

- Afaq çox sərt qayınana idi... Həyatda necə bir qayınanasınız, yoxsa hələ deyilsiniz?

- Yox, həyatda hələ qayınana deyiləm. Oğlumun 5 yaşı olacaq, qızım isə Türkiyədə İstanbul Aydın Universitetinin I kursunda təhsil alır.

- Həyat yoldaşınızın sənətinizə hər hansısa bir müdaxiləsi olurmu?

- Xeyr. O istəyir ki, mənim üçün hər şey yaxşı olsun. Başa düşür ki, bu sənətdir. Məsələn, keçən dəfə serialdakı həyat yoldaşım İmranı canlandıran əməkdar artist İlham Hüseynovun işi ilə bağlı bir problemi olmuşdu. Öz həyat yoldaşım mənə deyir ki, sənin həyat yoldaşını işdən çıxardıblar. Deyirəm, hansı yoldaşımı? (gülür-red.)

- Ailənizə görə imtina etdiyiniz hər hansısa bir layihə olubmu?

- Bəli, olub. Məsələn, ssenaridə bir az açıq-saçıq səhnələr var idi, ona görə imtina etdim. Nə yalan danışım, Hollivudda yaşamırıq... Əgər tamaşaçı məndən bunu qəbul etməyəcəksə, heç çəkilməyə də dəyməz.


- Serialda İmran kimi həyat yoldaşınız var idi... Ümumiyyətlə, kişilərdə hanı xüsusiyyətləri bəyənirsiniz, hansıları isə bəyənmirsiniz?

- İmran kimi insanlar, əslində, çoxdur. O obrazı tamaşaçılar serialda görür, amma kaş ki, insanlar bir-birilərini həyatda da elə görə bilərdilər. Həyatda heç gözləmədiyimiz şəxslər bizə düşmən kəsilirlər. Deyirsən ki, mən hər kəsdən gözləyərdim, amma ondan gözləmirdim. Allah heç kəsə İmran kimi həyat yoldaşı, qohum nəsib etməsin. İmran kimi kişiləri bəyənmirəm.

- Dediniz ki, bir müddət Türkiyədə yaşamısınız. Oradakı fəaliyyətinizdən bir az danışardınız...

- Atam 1995-ci ildən Türkiyədə dünyanın ən böyük karqo şirkəti olan “UPS”də tərcüməçi işləyib. Valideynlərim orada olduğundan mən də oraya getmişdim. Ailədə 5 bacı, 1 qardaşıq. Valideynlərimi ötən il itirdim. Anamın 40-dan sonra atam dünyasını dəyişdi. Bacılarım da həmin dövrdə Türkiyədə işləyirdi və serial, film çəkən şəxslərlə tanış idilər. Türkiyədə yaşadığım müddətdə “Avrupa Yakası”, “Zoraki Başkan” kimi seriallarda rol aldım. Orada Adilə Naşitlə və Ayşən Qruda ilə tərəf müqabili oldum. Adilə xanım çox yaxşı insan idi. Mən ona dedim ki, sizi Azərbaycanda çox sevirlər. Fikir verdim ki, orada serial çəkilişləri tamamilə başqadır. Bizdə çəkiliş meydançasında kameraların azlığından artistlər eyni səhnəni oynamaqdan yorulur, orada isə belə deyil. Dubl çox ola bilər, amma texniki tərəfdən heç bir problem yoxdur.


- Hansı mərhum sənətkarlarımızla bağlı xatirələriniz var?

- Tələbəlik illərimdən Muxtar Avşarov, Məhluqə Sadıqova, Sofa Bəsirzadə, Mirvari Novruzova, Amaliya Pənahova kimi sənətkarlarla tanış olmuşam. Onların necə mədəni olmalarını hələ də yadıma salıram. Məsələn, Sofa xanımla Məhluqə xanım 50 il rəfiqəlik etmələrinə baxmayaraq, bir-birinə “xanım” deyərək müraciət edirdilər. İndi biz onlara çata bilmirik. Kaş ki, indiki nəsillərdə belə olardı, içi biz qarışıq.

- Sənət dünyasında dostunuz, rəfiqəniz varmı?

- Tam rəfiqə deməzdim, amma hər kəslə xoş münasibətim var. Heç kimin mənimlə problemi yoxdur, hər kəslə səmimiyəm.

- Bir müddət rəqslə məşğul olmusunuz. Sevdiyiniz rəqs hansıdır və fikrinizcə, sevgini hansı rəqs özündə əks etdirir?

- İspan və qaraçı rəqslərini çox sevirəm. Mənim üçün sevgini özündə ispan rəqsləri əks etdirir. Çox ehtiraslı və temperamentli rəqslərdir.

- Təzəgül Hidayət bir quyunun dibinə düşsəydi, oradan nəyə qarşı üsyan edərdi?
- Əlbəttdə ki, övladlarımdan və sənətimdən ayrı qalacağıma.

Bakı Bələdiyyə Teatrının kollektivi
- Tamaşa vaxtı başınıza hansı maraqlı hadisə gəlib?

- Bir dəfə yuxuda İsa peyğəmbər mənə dedi ki, “Mən indi gedirəm, dönüş olanda gəlib səni öldürəcəyəm”. İlk ağlıma gələn vaxtı ikən teatrımızın repertuarında olan “Dönüş” tamaşası oldu. Həmin vaxtda o tamaşa oynanılmırdı. Yeni mövsümdə işə gələndə isə “Dönüş”ün məşqləri ilə bağlı proqramın divardan asıldığını gördüm. Gedib direktorumuz Amaliya Pənahovaya dedim ki, xahiş edirəm, mənim obrazımı digər aktrisaya verin. Amaliya xanım gülümsədi və dedi ki, yuxuya görə bu cür obrazdan imtina etməyə dəyməz. İnanmarsınız, tamaşaya qədər rejissorumuz Hafiz Fətullayevin qolu sındı, məşq zamanı səhnədə pərdələri saxlayan qurğu yerə düşdü, tamaşa günü isə Bakıda ən güclü zəlzələ baş verdi. Yenə də bilmirəm, yuxumun baş verənlərlə nə dərəcədə əlaqəsi var.

- Cəbhə bölgəsinə getməyinizdən danışdınız. Həmin günləri necə xatırlayırsınız?

- O günlər heç gözümün önündən getmir. Təsəvvür edin ki, nə qədər dəhşətlidir, şəkil çəkdirirsən, şəkli alanda isə deyirlər ki, yanında duranlar artıq dünyalarını dəyişib. Bir dəfə Füzulidə yüksəklikdən düşmən bizi atəşə tutdu. Mərmilər sarı avtobusumuzun hər tərəfində düşürdü. Onlar nədənsə elə bilirdilər ki, sarı avtobus xaricilərə məxsusdur, yoxsa bizi də atəşə tutardılar. İnsan nə qədər ölümü ağlına gətirə bilər. Hər an gözləyirdik ki, öləcəyik. Birdən əməkdar artist Azad Şükür dedi ki, gəlin mahnı oxuyaq, onsuz da ölümə gedirik. Hər kəs başladı mahnı oxumağa. Danışıram, indi də hədsiz həyəcanlanıram. Uşaq vaxtı da ən çox qorxduğum müharibə idi. Allah orada dünyasını dəyişən əsgərlərimizə, könüllülərimizə rəhmət eləsin. Allah eləsin torpaqlarımız qayıtsın, orada Vətən uğrunda vəfat edənlərin ruhları şad olsun.

Hüseyn Məmmədsalahov
BAKU.WS