VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Bir daha demək istəyirəm ki, biz ölkəmizi gücləndiririk, beynəlxalq mövqelərimizi möhkəmləndiririk, hərbi gücümüzü artırırıq, sosial məsələlərin həllinə çalışırıq”.

ONA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında sakinlərlə görüşü zamanı söyləyib.

Dövlət başçısı çıxışında problemli kreditlər mövzusuna da toxunub: “Son dövrdə imzaladığım fərmanlar doğrudan da həm təsirlidir, həm əhəmiyyətlidir, həm də ki, bizim siyasətimizi göstərir. Deyə bilərəm ki, bu fərmanlara başqa ölkələrdə rast gəlinmir. Məsələn, tutaq ki, problemli kreditlər nədən qaynaqlandı? Devalvasiyadan. Devalvasiya nəyə görə baş verdi? Neftin qiyməti 4 dəfə azaldı, gəlirlərimiz, manatın məzənnəsi aşağı düşdü və insanlar bundan əziyyət çəkdilər.

Maksimum çalışırdıq ki, vəziyyəti sabitləşdirək, sabitlik olsun, manat sabitləşsin. Artıq uzun müddətdir ki, manat sabit olaraq qalır. Bizim indiki iqtisadi və maliyyə vəziyyətimiz onu deməyə əsas verir ki, manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir. İqtisadi, maliyyə imkanı artdıqca biz, ilk növbədə, səylərimizi problemli kreditlərin həllinə yönəltdik və bunu həll etdik, özü də ən yüksək səviyyədə. İndi bu Fərman dərc edilib və orada göstərilən maddələr əminəm ki, kredit borcu olan hər bir vətəndaş üçün çox əhəmiyyətlidir. Bundan 600 mindən çox insan bəhrələnir və artıq kompensasiyaların verilməsi prosesi başlanıb.

Vətəndaşlarımızın rifah halı, onların iqtisadi, maliyyə vəziyyəti ildən-ilə daha da yaxşılaşır. Əgər əvvəlki dövrü götürsək görərik ki, pensiyalar, maaşlar təqribən 10 dəfəyə yaxın artıb. Ancaq bu gün bu, bizi qane edirmi? Yox. Nə etməliyik? Daha da fəal işləməliyik, iqtisadiyyat daha da sürətlə artmalıdır, sərmayə yatırılmalıdır, bürokratik əngəllər aradan qaldırılmalıdır, biznes qurmaq istəyənin qarşısında süni əngəllər qoyulmamalıdır. Yerli icra orqanları çalışmalıdırlar ki, investisiyaları cəlb etsinlər.

Çünki iqtisadi artım olmasa, onda bizim maliyyə imkanlarımız da olmayacaq. Bütün bu məsələlər bir-biri ilə bağlıdır. İndiki iqtisadi vəziyyətimiz və gələcək planlarımız tam əminliklə deməyə əsas verir ki, biz ancaq yüksələn xətlə inkişaf edəcəyik və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəyik”.
BAKU.WS