VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

BAKU.WS-in məlumatına görə, fərmanla “Azərbaycan Dövlət İnformasiya Agentliyinin Nizamnaməsi” təsdiq edilir və AZƏRTAC-da təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

- Azərbaycan Prezidentinə:

- Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

- icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

- Agentliyin yenidən təşkili və ləğvi;

- Nazirlər Kabinetinə:

- Agentliyin işçilərinin say həddinin və illik maliyyə hesabatlarının təsdiq edilməsi;

- təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

- xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;

- Agentliyə:

- inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

- strukturunun təsdiqi.

Müəyyən edilir:

- Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 25 milyon manat təşkil edir;

- AZƏRTAC-ın balansındakı dövlət əmlakı qiymətləndirilərək Agentliyin nizamnamə fondunda əksini tapır;

- Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirən orqan 5 üzvdən ibarət İdarə Heyətidir;

- İdarə Heyətinin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Prezidenti tərəfindən, digər 2 üzvünün vəzifəyə təyin və vəzifədən azad edilməsi Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; AZƏRTAC-ın balansında olan əmlakın Agentlik publik hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı gündən onun balansına verilməsini bir ay müddətində təmin etmək; Agentliyin İdarə Heyəti üzvlərinin və digər işçilərinin əməkhaqlarını bir ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Agentlik:

- dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən etibarən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Vergilər Nazirliyinə müraciət etməli;

- strukturunu bir ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Vergilər Nazirliyi Agentliyin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirəcək.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

BAKU.WS