VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Bizim maliyyə vəziyyətimiz çox sabitdir, çox müsbətdir. Heç bir problemimiz yoxdur. Bu məsələdə də bədhaqlar bizi gözdən salmağa çalışırlar ki, guya Azərbaycanın maliyyə vəziyyəti yaxşı deyil. Bizim maliyyə vəziyyətimiz bir çox ölkələr üçün nümunə ola bilər. Biz ancaq bu ilin doqquz ayında valyuta ehtiyatlarımızı 4,5 milyard dollar artırmışıq. İin sonunadək hələ nə qədər artacaqdır".

BAKU.WS-in məlumatına görə, bunu iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə prezident İlham Əliyev deyib.

O bildirib ki, ölkənin xarici borcu ümumi daxili məhsulun 18 faizini təşkil edir:

"Bu, bir çox ölkələr üçün arzuolunan, möcüzə kimi səslənən bir rəqəmdir. Bizim iqtisadi uğurlarımızı aparıcı iqtisadi Forum olan Davos qiymətləndirir. Dünya miqyasında 35-ci yerdəyik. Bizim heç bir maliyyə problemimiz, çətinliyimiz yoxdur. Neft sənayesinə gələn il də böyük vəsait ayrılacaq. Əlbəttə, Dövlət Neft Şirkəti özü də pul qazanır. Ancaq dövlət həmişə bu şirkəti dəstəkləyir və dəstəkləməlidir. Çünki bu, bizim strateji aktivimizdir, strateji sərvətimizdir.

Bu gün Azərbaycan enerji təhlükəsizliyi məsələlərini tam şəkildə təmin edib. Biz vaxtilə xaricdən qaz alırdıq, indi xaricə satırıq. Elektrik enerjisi alırdıq, indi onu satırıq. İndi nefti satırıq, neft məhsullarını satırıq. Biz böyük həcmdə qaz satacağıq və ölkəmizə daha çox pul gələcək. Biz bu vəsaitdən də çox səmərəli və şəffaf şəkildə istifadə edirik. Bildiyiniz kimi, neftdən əldə olunan bütün gəlirlər Dövlət Neft Fondunda şəffaf şəkildə saxlanılır. Bu da beynəlxalq auditdən keçən, dünyanın ən şəffaf neft fondlarından biridir. Biz o vəsaiti ölkə üçün vacib olan layihələrə ayırırıq. Həm ehtiyatı artırırıq, həm ən vacib sosial və infrastruktur layihələrinə bu vəsaitdən istifadə edirik. Əlbəttə ki, Azərbaycan Milli Məclisi bu xərcləri təsdiq edəndən sonra. Onların arasında köçkünlərin problemlərinin həllidir, - 100-ə yaxın şəhərcik salınıb, - məktəblərdir, infrastruktur layihələridir, əlbəttə ki, neft sənayesinin inkişafı ilə bağlı olan layihələrdir, xüsusilə nəhəng qazma qurğusunun tikintisi də Dövlət Neft Fondunun xətti ilə maliyyələşdirilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu məhz o mənbədən maliyyələşdirilmişdir.

Biz bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını qeyd etdik. Bu, böyük tarixi nailiyyətdir. Bu dəmir yolunun istifadəyə verilməsi Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətdir. Biz bunu bu gün də bilirik, bunu gələcəkdə də hər kəs daha çox görəcək və hiss edəcək. Bunun da maliyyə mənbəyi haradan gəlib? Dövlət Neft Fondundan. Dövlət Neft Fonduna haradan gəlib? Neftçilərin zəhməti hesabına. Əgər Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum tikilməsə idi, o dəhliz açılmasa idi, vəsaitimiz olmasa idi biz bunu necə tikə bilərdik? Mən prezident vəzifəsinə seçiləndən demək olar ki, dərhal sonra bu layihə ilə məşğul olmağa başlamışam. Görürdüm ki, burada böyük çətinliklər var. İlk növbədə, maliyyə çətinliyi və texniki məsələlərin həlli. Çünki ölkələr arasında bir çox razılaşmalar əldə olunmalı idi. O vaxt biz bunu həll etdik. Bu layihə ilə bağlı siyasi əngəllər törədilməyə başlandı. Əgər maliyyə imkanlarımız olmasa idi, biz Bakı-Tbilisi-Qarsı hansı pulla tikə bilərdik? Çünki bu yolun böyük hissəsi Azərbaycan ərazisindən keçir – 504 kilometr. Gürcüstan ərazisindən 200 kilometrdən çox hissəsi keçir ki, orada da maliyyə və texniki məsələləri Azərbaycan həll edir. Yolun uzunluğu təxminən 850 kilometrə yaxındır. Yəni, ancaq səmərəli fəaliyyət nəticəsində, şəffaf Neft Fondunda saxlanılan vəsait hesabına və neftçilərin zəhməti sayəsində biz buna nail ola bilmişik.

Bu gün Azərbaycan çiçəklənən bir dövlətdir. Hara baxsan göz oxşayır. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bizim bütün şəhərlərimiz abadlaşır. Əsrlər boyu insanları incidən bütün problemlər həll olunur. Qazlaşdırma, içməli su, elektrik, yollar – biz bunu nəyin hesabına edirik? Gəlirlər hesabına. Gəlirlərin əsas mənbəyi haradır? Azərbaycan neftçilərinin zəhməti hesabına çıxarılan neftdir. Azərbaycan vətəndaşları bunu həmişə bilməlidirlər. Biz bu gün haqlı olaraq qeyri-neft sektorundan danışırıq və bu sahədə böyük işlər görülür. Dayanıqlı inkişaf üçün qeyri-neft sektoru inkişaf etməlidir. Çünki bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir və bu sahədə çox böyük nailiyyətlər var. Mən dəfələrlə demişəm ki, prioritet istiqamət qeyri-neft sektorudur. Nə üçün? Çünki mən hesab edirəm ki, neft-qaz sektorunda əldə edilmiş bütün nəticələr proqram üzrə gedir və nəyi əldə etmək istəmişiksə, onu da əldə etmişik. Bir dənə də olsun icra edilməmiş və qrafikdən çıxmış layihə yoxdur. Ona görə təbii ki, qeyri-neft sektoru prioritetdir. Ancaq ölkə iqtisadiyyatı, ölkəmizin gələcək inkişafı üçün neft sənayesi, neft-qaz sektoru həmişə həlledici rol oynayacaq.

Biz bu gün iqtisadi müstəqilliyi təmin etmişik. İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Əgər biz kimdənsə asılı olsaq, heç vaxt müstəqil siyasət apara bilmərik, heç vaxt öz prinsipial mövqeyimizi indiki qədər ifadə edə bilmərik. İqtisadi müstəqillik siyasi müstəqilliyə gətirib çıxardı ki, bu gün Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan nadir ölkələrdən biridir. İqtisadi müstəqillik isə neftçilərin zəhməti hesabına təmin edilir. Ona görə hər kəs bilməlidir ki, hələ uzun illər bundan sonra ölkəmizin neft-qaz sektoru bizim üçün əsas dayaq olacaqdır. Ona görə Azərbaycan dövləti və neftçilər bundan sonra da bütün səylərini qoymalıdırlar ki, biz bu sektoru inkişaf etdirək".

BAKU.WS