SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tarixin müxtəlif dövrlərində böyük və kiçik olmaqla bir neçə dövlət yaranmış, öz müstəqilliyini elan etmişdir. Son bir neçə il də isə mikrodövlətlər yaranmağa başlayıb.
 
Buna dair bir neçə nümunə çəkmək olar.
 
Məsələn, Silend...
 

Mikrodövlət sayılan Silend britaniyalı leytenant Roy Beyts tərəfindən neft platformasının üzərində qurulub.

İngiltərə ordusunun keçmiş leytenantı Roy Beyts 1967-ci ildə Böyük Britaniyanın yaxınlığındakı neft platformalarından birini zəbt edərək, oraya Silend adını verib və müstəqil dövlət elan edib. 
 
Britaniya Kral Donanması leytenantı adadan uzaqlaşdırmağa səy göstərsə də platformadan açılan xəbərdarlıq atəşinə məruz qalan donanmanın əsgərlərinin cəhdi uğursuzluqla nəticələnib. Sonrada həbs edilən leytenantın məhkəmə işində hakimlər hadisənin İngiltərə sərhədlərindən kənarda baş verdiyini bildirərək, Roy Beytsi sərbəst buraxılması barədə hökm çıxarıblar.

1974-cü ildə Britaniyanın Konstitusiya məhkəməsinə müraciət edən leytenant dövlətin simvolu olan bayraq, milli marş və Siland dollarının qəbul edilməsinə nail olur. Özünü Siland knyazı adlandıran keçmiş hərbçinin ölkəsi heç bir dövlət tərəfindən tanınmayıb.

Maraqlıdır ki, 550 kvadratmetr əraziyə malik olan dövlətdə çevrilişə belə cəhd edilib. Belə ki, leytenantın ölkədə (platformada) olmadığından istifadə edən Beyts ailəsinin üç üzvü vertolyotla platformaya gələrək, leytenantın oğlunu mətbəxə həbs edirlər. Bundan xəbər tutan şahzadə Roy dərhal "ölkəsinə" gələrək, hakimiyyəti yenidən ələ keçirir. Çevrilişə cəhd edənlərin ikisi ölkədən kənarlaşdırılır, biri isə Siland vətəndaşlığından çıxarılır.

2006-cı il 23 iyun ayında isə Silend adasında yanğın baş verir. Nəticədə bir nəfər xəsarət alır və xilasedici vertolyot ilə Britaniya xəstəxanalarından birinə aparılır. Bir müddət sonra Silend adası yenidən özünə gəlir.

Qeyd edək ki, Silend knyazlığı dünyanın heç bir ölkəsi tərəfindən tanınmır və Böyük Britaniya ərazisi hesab olunur.
 
Digər bir nümunə isə Şimali Sudan mikrodövlətidir..
 

 

 

2014-cü ildə Virciniya ştatında yaşayan Ceremaya Hiton Misir və Sudan arasında heç bir dövlətə məxsus olmayan ərazi taparaq, oraya Şimali Sudan Krallığı adı verib və öz bayrağını asıb. O, kiçik qızı Emilini Şimali Sudanın şahzadəsi elan edib.  

Ceremaya Hiton krallığın səfirliyi kimi Vaşinqton şəhərində ofis kiraləyib və Misir və Sudan nümayəndələri ilə danışıqlara başlayacağını demişdi.
 


İndi isə Azərbaycanda bir qrup gənc Böyük Zirə adasını müstəqil dövlət elan edərək, oranı Nargin Respublikası adlandırıblar:
 
"4 yanvar 2016 - Ərazisi Nargin adasından ibarət olan, Nargin Respublikası Azərbaycan respublikasından ayrılaraq müstəqilliyini elan etmişdir. Çox yaxında vətəndaşlıq üçün müraciətlər yeni açılacaq saytımızda yerləşdiriləcəkdir. Eyni zamanda qonşu dövlətlərin xarici işlər nazirliklərinə press-reliz də göndəriləcək. BMT Baş Məclisinin 1952-ci il 16 dekabr tarixdə qəbul olunmuş "Xalqların və millətlərin öz müqəddəratını təyinetmə hüququ" adlı 637-ci qətnaməsində qeyd olunur ki, millətlərin öz müqəddəratını təyinetmə hüququ insan hüquqlarından tam şəkildə istifadə üçün müqəddəm şərtdir. Biz də özünü "narginli" olaraq təyin edən bir qrup şəxs olaraq öz müstəqilliyimizi elan edirik. Respublikamız birbaşa demokratiya olub, kommuna üsulu ilə idarə olunur. Çox yaxında xarici işlər komissarımız, daxili işlər komissarımız və vətəndaşlıq üzrə komissarımız açıqlama verəcək".
 



Zarafat və ya ciddi olsa da gənc həvəskarlar yeni "dövlət"ləri üçün sayt da yaradıblar (http://nargin.is-best.net). Sosial şəbəkədə eyni adda ("Nargin Respublikası") səhifə açaraq insanları həmin sayta daxil olaraq elektron müraciətlə yeni qurduqları "Respublika"nın vətəndaşı olmağa səsləyiblər. Hətta qurduqları mikrodövlətin bayrağını da artıq müəyyənləşdiriblər. 
 


Yeni "Respublikanın" saytında qeyd olunub ki, "ölkə" heç bir qonşu dövlət tərəfindən tanınmayan mikrodövlətdir. Konstitusiya və seçkilər isə hələ keçirilməyib. 

 

 

 


Azərbaycanın üzləşdiyi iqtisadi böhran, neft gəlirlərinin kəskin azalması və Şengen vizası almaqda çətinlik çəkən bir qrup şəxs "Nargin respublikası"nı yaratmaq qərarına gəlib.

 

Onlar bildirib ki, "Respublika"nın siyasi qurluşu birbaşa demokratiyadır. Hər bir vətəndaşın müstəqil səsvermə və eyni anda Azərbaycan vətəndaşlığında qalmaq hüququ var. 

 

Gənclər, şəhər sakinləri arasında sorğu keçirərək, vətəndaşlara  "Nargin Respublikasının vətəndaşlığını qəbul edərdiniz yoxsa yox?" sualını veriblər. 

 

Ayşən Ayxan 

BAKU.WS