VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Kəndlərimizin çoxu yaşam tərzinə görə bir-birinə bənzəyir. Bəzi kəndlərimiz var ki, bunlar özəlliyi ilə fərqlənir.

BAKU.WS
“day.az”a istinadən xəbər verir ki, bu kəndlərdən biri də İsmayıllı rayonunda yerləşən İvanovka kəndidir. İvanovka İsmayıllı rayonunun mərkəzindən 14 km aralı yerləşir.


Kəndin əsası 1847-ci ildə çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulmuşdur. Kəndin adı İvan Perişinin şərəfinə qoyulub. Buna qədər kənd Həftəran adlanıb. Bu ruslar çar Rusiyası vaxtı dini baxışlarına görə Qafqaza sürgün edilmişdilər. İvanovkada yaşayan rusları el arasında "molokan" adlandırırlar.

Molokanlar xristianlığın parvoslav qolunun sektalarından biridir. Molokan sektasında islam dininə oxşarlıq çoxdur. Donuz əti yemək, spirtli içki içmək molokanlar üçün də haram sayılır.

Maraqlı məqamlardan biri də odur ki, donuz əti dini baxışlara görə haram sayılsa da, ən yaxşı donuz kababını siz İvanovkada yeyə bilərsiniz. Molokanların kilsəsi yoxdur ibadətlərini evlərində edirlər. Onlar günümüzədək öz adətlərini, dini baxışlarını, dillərini qoruyub saxlayıblar.

İsmayıllı rayonunda yerləşən İvanovka kəndinin populyarlığı yerli və xarici turistlər arasında artmaqdadır.

İvanovka Azərbaycanda yeganə kənddir ki, Sovet dövrünün kolxoz quruluşunu indiyədək saxlayır. Azərbaycanda yeganə "kolxoz" təsərrüfatı bu kənddədir. Kolxoz Nikolay Vasilyeviç Nikitinin adını daşıyır.


İvanovkalılar, əsasən, üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Təzə və təbii məhsullar almaq istəyirsinizsə, mütləq İvanovkaya gəlmək lazımdır. Burada kənd təsərrüfatı mallarını ucuz qiymətə əldə edə bilərsiniz. Kənddə geniş üzüm bağları var.


Burada becərilən üzümdən, əsasən, şərab hazırlanır.


İvanovkanın şərabı və ağartı məhsulları ölkəmizdə məşhurdur. Bakıda bir neçə yerdə İvanovka məhsulları satılan dükanlara rast gələ bilərsiniz.


İvanovkada yaşayan ruslar azərbaycanlılara dostluq münasibətində yaşayırlar. Kənddə ruslarla yanaşı azərbaycanlılar və ləzgilər də yaşayır. Kənd əsl tolerantlıq nümunəsidir. Buradakı ruslar ailə dəyərlərinə önəm verirlər. Molokan kişiləri adətə görə saqqal saxlayırlar.

Dağ havası və təmiz qida ilə qidalandıqlarına görə kənddə uzunömürlü insanların sayı çoxdur.

Müasir İvanovka öz gözəllikləri ilə qonaqları heyran edir. Siz burada kənd həyatının ləzzətini hiss edəcəksiniz. Xüsusilə daim şəhərdə yaşayan insanlar üçün bura daha maraqlı olacaq.

Kəndin insanları turistlərə qarşı çox mehribandırlar. Kənddə gəzərkən özünü Rusiyanın hansısa kəndindəki kimi hiss edirsən.


Kənddə ünsiyyət zamanı daha çox rus dilinə üstünlük verilir. Kəndin küçələri təmiz və səliqəlidir. İvanovkada evlər, əsasən, taxtadan tikilir. Rusların yaşadığı evlərin forması xaçvari, digərləri isə ölkəmizə xas olan üslubda tikilib.


Dükan və kafelərin adları Azərbaycan dili ilə yanaşı həm də rus dilində yazılır. Rus kinolarında gördüyünüz rus sobası burada, demək olar ki, hər evdə var. Bu sobalardan həm ev qızdırmağa, həm də yemək bişirmək üçün istifadə edirlər. Kənddə Mədəniyyət Sarayı da fəaliyyət göstərir. İvanovka Mədəniyyət Sarayında vaxtı ilə yerli və xarici artislər çıxış ediblər. İndi isə mədəniyyət sarayında tədbirlər və toylar keçirilir.


Kənddə süni göl var. Bura yerli sakinlərin və qonaqların sevimli istirahət yerlərindən biridir. Balıq həvəskarları burada balıq da tuta bilərlər.


Gölün ətrafında kafe və restoran var.

İvanovka deyiləndə ilk ağıla gələn kəndin diskotekası olur. Bu diskoteka kəndə daha çox turist cəlb edir. Gəncləri həm də bu kəndə İvanovkada gecə həyatının olması cəlb edir. Diskoteka fəsildən asılı olmayaraq hər həftə sonu təşkil olunur. Yayda açıq havada, qışda isə kəndin mədəniyyət sarayında rəqs edə bilərsiniz.

Əgər kənddə qalmaq istəsəniz, kirayə evlər və hotel var. Kirayə evlərin günlük qiyməti 15 manatdan, oteldə isə 30 manatdan başlayır. İsmayıllıya gəlmisinizsə, bu kəndə mütləq baş çəkin.

Kənd sizdə unudulmaz xatirələr buraxacağına əmin ola bilərsinzi.

BAKU.WS