VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluqda təqsirləndirilən Bəhruz Nurullayev və Nadim Ağaxanovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən B.Nurullayev və N.Ağaxanov özlərini təqsirli bilməyiblər.

Sonra zərərçəkmiş şəxs qismində Kəmalə Rzayeva ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslər 2015-ci ildə onun evinə daxil olub, pul və qızıl-zinət əşyalarını aparıblar:

“Ərimlə oturub, televizora baxırdım. Həyat yoldaşım oturacaqda yuxuya getmişdi. Qəfildən iki nəfər maskalı şəxs bizim əyləşdiyimiz otağa daxil oldu. Biri əlində bıçaqla məni hədələdi, o biri ərimi yuxudan oyandırdı. Bizə dedilər ki, pulların yerini göstərək”.

Zərərçəkmiş deyib ki, qorxduğu üçün onlara pul verməyə məcbur olub:

“Qorxumdan ikinci mərtəbəyə qalxdım, oğru da əlində bıçaqla dalımca gəldi. Əl çantamı ona uzatdım, içində 500 manat pul var idi. Ancaq onlar bununla da kifayətlənmədi, evdə olan qızılları da apardılar”.

Sonra zərəçəkmiş şəxs vəkillərin suallarını cavablandırıb.

Proses yanvarın 10-dək təxirə salınıb.

Qeyd edək ki, dəstənin 2015-ci ildən hazırkı dövrə qədər Qusar rayonunda ayrı-ayrı mənzillərdən pul, zinət və məişət əşyaları oğurladığı aşkarlanıb.

Üç il ərzində törədilən hadisələr nəticəsində vətəndaşlara ümumi məbləği 100 min manat dəyərində olan ziyan dəyib. Qrupun üç üzvü isə quldurluq hadisəsi törətməkdə təqsirli bilinir.

İlkin araşdırmalara görə, cinayətkar dəstə 2015-ci ildə beş, 2016-ci ildə altı, 2017-ci ildə üç, 2018-ci ildə isə dörd cinayət hadisəsi törətməkdə təqsirli bilinir. Dəstə üzvlərindən biri - Şıxzada Şıxıyev 2017-ci ildə dünyasını dəyişib.

BAKU.WS