VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Gəncədə oğurluq və quldurluq etməkdə təqsirləndirilən Aytən Allahverdiyeva, Şaqi Hacıyev, Adil Nuriyev, Elxan Yaqubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.

Cinayət işi üzrə 15 zərərçəkmiş var.

Qeyd edək ki, həmin şəxslər Gəncə şəhərində müxtəlif yerlərdə evlərdən oğurluq və quldurluq ediblər.

Belə ki, bu il fevralın 26-da Gəncə şəhərinin Cavadxan qəsəbəsində quldurluq edən şəxslər - Goranboy rayon sakinləri - Elxan Yaqubovun və Adil Nuriyevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində Şaiq Fəxrəddin oğlu Hacıyev və onunla birgə qeyri-rəsmi yaşayan Aytən Dəmir qızı Allahverdiyevanın da əli olduğu məlum olub.

Belə ki, taksi sürücüsü olan Ş.Hacıyev və A.Alahverdiyeva əvvəlcədən soyacaqları evi müəyyən edərək sonradan qrup şəklində çalışdıqları E.Yaqubova və A.Nuriyeva bildiriblər. Əməliyyat zamanı məlum olub ki, saxlanılan dəstə Gəncə şəhəri ilə yanaşı, Goranboy, Şəmkir, Tovuz və başqa rayonlarda da müxtəlif evlərə girərək oğurluq və quldurluq ediblər.

Onlar sonuncu dəfə isə Gəncə şəhərinin Cavadxan qəsəbəsində yerləşən evlərin birinə giriblər. Lakin həmin evdə kirayədə yaşayan şəxsin Daxili İşlər Nazirliyinin “102" xidmətinə zəng edərək maskalı və silahlı şəxslərin onun yaşadığı evə basqın etdiyi barədə verdiyi məlumata əsasən saxlanılıblar.

BAKU.WS