VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadı və qayınanasını öldürməkdə təqsirləndirilən Ramin İsmayılovun məhkəməsi keçirilib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə baxış iclası baş tutub.

Dövlət ittihamçısı çıxış edərək ittiham aktını elan edib. R.İsmayılov özünü təqsirli bildiyini deyib.

Daha sonra sərbəst ifadə verən Ramin İsmayılov məhkəmə zalında çox adam olduğu üçün hər şeyi danışa bilməyəcəyini deyib: "Günayla 2006-cı ildə rəsmən boşanmışdıq, amma son vaxtlar bir yerdə idik. Mən oğlumla Ağdama getmişdim, atamın səhhətinə problem var idi. Sonra Bakıya qayıtdım, qaldığımız evə getdim. Günay anasının yanında Xəyyamla öpüşürdü. Mən tez oğlumu evdən çıxarıb başqa yerə aparıb qoydum, sonra evə qayıtdım. Dedim bu nə hərəkətdi deyirsən, dedi ki, Xəyyam mənim sevgilimdi.

Anası da dedi qızımın şəxsi həyatıdır, özü bilər. Öyrəndim ki, artıq onların dini kəbini də var. Həmin vaxt mübahisə etdik, orada Günayla Xəyyamın cinsi əlaqədə olduğunu bildim. Həmin an özümdən çıxdım, peçin içindən bıçağı götürdüm. Günay telefona tərəf qaçanda bıçaq qarnına batdı, anası da araya girəndə bıçaq boğazını kəsdi. Sonra nə etdiyimi xatırlamıram. Bir də özümə gəldim ki, "Avtovağzal"dan rayona gedirəm. Ağdama gedib atamgillə sağollaşdım, çay içdim. Sonra polislər gəldi, onlarla getdim. Oğluma görə peşmanam, gərək etməzdim. Amma mənim namusuma toxunmuşdu, onu başqa kişi ilə tutdum".

Bu zaman mərhum Günayın qardaşlarından biri Ramini təhqir edərək "namusuna toxunmuşdusa, Xəyyamı öldürərədin. Ancaq qadınları gücün çatdı" deyə qışqırıb. Hakim prosesi pozduğu üçün həmin şəxsi zaldan çıxarıb.

Şahid qismində mərhum G.İsgəndərovun atası Hüseyn İsgəndərov ifadə verib. O deyib ki, R.İsmayılov əksər vaxtlar işsiz olub: "Qızım məktəbdə müəllim işləyirdi, 300 manatdan çox maaş alırdı. Bu da onun pulu ilə özünə bahalı telefonlar alırdı. Bizim yanımızda oturub başqa qızlarla danışırdı. Evdə yemək yeyirdik, bu gedib qapının ağzında telefonla oynayırdı.

Deyirdik gəl çörək ye, cavab verirdi ki, qızlar imkan verir ki. Bir dəfə də evimizə orta yaşlı bir qadın gəldi, Raminlə mübahisə edirdi ki, bəs mənə mesajda filan şey yazmışdın. Bu da həmin qadına deyirdi ki, sən də mənə 14 yaşın olduğunu demişdin. Raminin bu əməllərinə görə günümüz 35-ci bölmədə keçirdi. 2006-c ildə də boşandılar, amma Ramin tez-tez əlində bıçaqla qızımın qabağını kəsib öldürəcəyini deyirdi".

Digər şahid G.İsgəndərovun qardaşı Sənani İsgəndərov hərbçi olduğunu, aldığı yaraya görə təqaüdə çıxdığını deyib: "Bizim bir qardaşımız da Qarabağda şəhid olub. Raminin dediyi Xəyyam isə mənim dostumdur. Günayla fikri də qəti idi və bir neçə günə elçi gələcəkdilər. Atam da ondan əvvəl Ramini çağırıb demişdi ki, "bala, iki ildir boşanmısız, sizdə alınmır. Get evlən, toyuna məni də çağır". Ramin isə bacımın qabağına bıçaqla çıxırdı. Ona əvvəl də demişdim ki, çıxanda kişi qabağına çıx. Amma o əlinə bıçaq alıb iki köməksiz qadını öldürdü.

Hadisə günü isə anamla bacımı o evə mən göndərmişdim. Səhəri gün orada usta işləyəcəkdi, demişdim gedib evi səliqəyə salın. İşdən çıxanda onlara zəng etdim, cavab verən olmadı. Evə getdim, çöl qapısı açıq idi. İçəri girəndə onları gördüm, qohuma zəng edib maşını ilə gəlməyini dedim".

Ramin İsmayılovun atası Səfər İsmayılov isə ifadə verməkdən imtina edib. Proses dekabrın 6-da davam etdiriləcək. Növbəti iclasda işdə adı çəkiləm Xəyyam adlı şəxs ifadə verəcək.

BAKU.WS