SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün səhər saatlarında Bakı metrosunda sıxlıq yaşanıb.


Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilib ki, metronun “20 yanvar” stansiyasında sıxlıq yaşanıb. Sərnişin sıxlığı qatarların gecikməsi səbəbindən yarandığı bildirilib.


Qeyd edirlər ki, “Dərnəgül”-“Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “20 yanvar” və digər stansiyalarda 10 dəqiqəyə yaxın gecikib.


Məsələyə münasibət öyrənmək üçün Bakı Metropoliteni QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, həqiqətən də, səhər saatlarında qatarların hərəkətində yubanmalar müşahidə olunub.


"Səhər metronun "Xalqlar Dostluğu" stansiyasında maşinist qatarının qapılarını yoxlamaq istəyib. Təlimat qaydalarına əsasən, şübhəli məqamlar olduqda maşinistin qapıları yoxlamağa ixtiyarı var. Yoxlamalar zamanı qatarın intervalında “28 may” stansiyasına qədər 2, “20 yanvar” stansiyasına qədər olan məsafədə isə 5 dəqiqə yubanma qeydə alınıb”, - deyə qurum rəsmisi bildirib.


Bəxtiyar Məmmədov vurğulayıb ki, bununla da stansiyalarda sərnişin sıxlığı müşahidə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.


Ziya SƏCCAD
BAKU.WS