SİZİN REKLAM BURADA!
055 213 76 73



Tovuz rayonunun Qovlaq qəsəbəsində 3 uşaq anasının dərman içərək intihar etməsi ilə bağlı məlumat yayılıb.

BAKU.WS
xəbər verir ki, bəzi Kütləvi İnformasiya Vasitələrində 1990-cı il təvəllüdlü Ülviyyə Arif qızı Həsənovanın özünü zəhərlədiyi bildirilib.


Hadisə ilə əlaqədar Tovuz rayon Prokurorluğu ilə əlaqə yaratdıq. Tovuz rayon prokurorunun köməkçisi Rəşad Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda Ülviyyə Həsənovanın ölüm səbəbləri araşdırılır.


“Qadının ölümünün intihar hadisəsi olduğu bilinmir. Müəyyən etmişik ki, qadın zəhərlənmə nəticəsində dünyasını dəyişib. Zəhərlənmə də gözlə görünən ölüm səbəbi olmadığı üçün onun intihar etdiyi, yaxud təsadüfən öldüyü istintaq araşdırmasından sonra məlum olacaq”, - deyə Rəşad Məmmədov bildirib.


Qurum rəsmisi bildirib ki, araşdırmaların nəticəsindən asılı olaraq, hadisə barədə qərar veriləcək. əgər qadının intihar etdiyi məlum olarsa, bu zaman özünü öldürmə maddəsilə cinayət işi açıla bilər. Hələlik isə onun ölümü ilə bağlı heç bir cinayət işi başlanmayıb.


Dünyasını dəyişən 1990-cı il təvəllüdlü Ülviyyə Arif qızı Həsənovanın həyat yoldaşı Nemət Həsənovun “ölkə.az”a verdiyi məlumata görə yoldaşı intihar etməyib:


“Evdə olan dərmandan istifadə etdikdən sonra dünyasını dəyişib. Sonra araşdırdıq, məlum oldu ki, dərmanın vaxtı keçib. Hansı ana 3 körpəsini qoyub intihar edər. Bizim aramızda ailə münasibətlərimiz həmişə normal olub, hələ də şokdayam”.


Baş vermiş hadisə ilə bağlı Tovuz rayon prokurorluğunda araşdırmalara başlanılıb. Prokurorun köməkçisi Rəşad Məmmədovun verdiyi məlumata görə, Ü. Həsənovanın intihar edib-etməməsi dəqiq məlum deyil, təyin olunan məhkəmə tibbi ekspertizanın rəyindən sonra fakta hüquqi qiymət veriləcək.


Ziya SƏCCAD
BAKU.WS