SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Yasamal rayonunda qəfil ölüm hadisəsi baş verib.

BAKU.WS
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat qeyd edilib və video yayılıb. Verilən məlumata görə, hadisə “20 Yanvar” metrostansiyasının yaxınlığında, “Yeni Med” klinikasının qarşısında baş verib.

Klinikanın qarşısında yaşlı kişinin halı dəyişib və qəfil yıxılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, kişi yıxılmamışdan əvvəl klinikaya girib və çıxdıqdan sonra yıxılıb. Hadisə şahidləri bildirirlər ki, halı pisləşən şəxsə klinikanın tibbi heyəti heç bir köməklik etməyib.

Hadisə yerinə Təcili Tibbi Yardım həkimi çağırılıb. Lakin həkimlər gələnə qədər həmin şəxs artıq keçinib. Təcili Yardım Stansiyasından BAKU.WS-ə bildirdilər ki, yaşı təxminən 60 olan naməlum şəxs həkimə gələnə qədər vəfat edib.

Məsələ ilə əlaqədar “Yeni Med” klinikası ilə əlaqə saxladıq. Klinikanın labarantı Familə Məmmədova BAKU.WS-ə bildirdi ki, deyildiyi kimi həmin şəxs klinikaya daxil olmayıb. Onun sözlərinə görə, yaşlı adam klinikanın yanından keçərkən halı pisləşib və yıxılıb.

“Mən də ətrafda olan insanlar kimi hadisəni gördükdə ona yaxınlaşdım. Yıxılan insanın nəbzini və təzyiqini iki dəfə yoxladım. Təzyiq də 0 idi, nəbzi də vurmurdu. Onun artıq keçindiyini müəyyən etsəm də, bunu deməyə ixtiyarım yox idi. Hadisə yerinə həkim çağırdıq. Bizim həmin şəxsə kömək etmək imkanımız yox idi. Çünki artıq o vəfat etmişdi”, - deyə Familə Məmmədova bildirib.

Onun sözlərinə görə, yıxılan şəxs ziyalı insan olub: “Onun müəllim olduğunu dedilər. Həyat yoldaşı gəlmişdi. Bildirdi ki, müəllimdir və imtahandan gəlirmiş. Ürəyində ağrı olub və qəfil yıxılıb”.

Cavid Babayev
BAKU.WS