VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda uşaq bağçasında müəllimə uşağı döyüb.

Bu barədə övladı döyülən qadın BAKU.WS-ə şikayətində bildirib. Şikayətçi qadın Təranə Rüstəmova bildirib ki, Binə qəsəbəsində yerləşən 285 saylı uşaq bağçasında tərbiyəçi azyaşlı qızı Zeynəb Əlizadəni döyüb.

“Bağçaya yeni təyin edilən müdirə Səidə Xudiyeva valideynləri 20 manat ödəməyə məcbur edib. Valideynlər bu məsələyə narazılıqlarını bildiriblər. Mən də buna şikayət etdim. Bu səbəbdən də, uşaq bağçasının müdirəsi Təranə adlı tərbiyəçini gətirib. O da qızımı qorxudub. O, qızımı çimdikləyərək bu vəziyyətə salıb. Bədəninin müəyyən yerlərində qançırlar var. Bizimlə prinsip aparırlar”, - deyə Təranə Rüstəmova şikayətlənib.

Şikayətçi deyir ki, bununla bağlı polisə şikayət edib. Polisdən uşağı ekspertiziyaya göndəriblər. Analizlərin cavabı məlum olandan sonra, məsələ barədə araşdırmalar aparılacaq.

Şikayətə aydınlıq gətirmək üçün 285 saylı uşaq bağçası ilə əlaqə saxladıq. Bağçanın müdirəsi Səidə Xudiyeva BAKU.WS-ə açıqlamasında bildirdi ki, Təranə Rüstəmovanın dedikləri yalandır.

"Bizim bağçada müşahidə kameraları var. Hadisələr saniyəsinə qədər qeydə alınır. Kameranın altında hansısa tərbiyəçi uşağı döyməz. Valideynin bağçada aylıq pul yığılması da həqiqətə uyğun deyil. Bağçada pul yığılmır", - deyə Səidə Xudiyeva bildirib.

Müəssisənin rəhbəri əlavə edib ki, valideyn bağçada işləyən Təranə xanımla əvvəldən ədavətlidir: "Valideyn əvvəldən tərbiyəçi ilə mübahisə edib. Onu bağçada təhqir edib. Müəllimə də Təranə Rüstəmovanı polisə şikayət etmişdi. Polisdən də onu çağırıb, izahatını almışdılar. İndi valideyn bunun əvəzinə tərbiyəçidən çıxıb".

Qeyd edək ki, bununla bağlı şikayət həm polisdə, həm də Bakı şəhər İcra Hakimiyyətində araşdırılır.

Ziya SƏCCAD
BAKU.WS