VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Qonşu kənddə bağ belləyirdim, 20 manat verməli idilər. Onu almağa getmişdim. Dayanacaqda görüşdüm, pulu alıb evə qayıdırdım, bir də gördüm göydə uçuram...". Kürdəxanı qəsəbə sakini, 50 yaşlı Ayaz Şeydayev ağır yol qəzasından ancaq bunları xatırlayır.


BAKU.WS xəbər verir ki, geridə qalanları həyat yoldaşı Həbibə xanım criminal.az saytına danışıb:

"Hadisədən 3 gün əvvəl - 17 sentyabrda qızımı gəlin köçürmüşdük. Qonaqları təzə yola salmışdıq. Ayaz "isim var" deyib evdən çıxdı. Bir də xəbər tutduq ki, maşın vurub. Kənd camaatı vuranı görüb. Polisə maşının nömrəsini və seriyasını dedilər, tapıldı. Ərimi vuran maşın Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsində iki həftə saxlanıldı. İş istintaqa verildi, araşdırmanı müstəntiq Elməddin Köçəliyev aparır. Şahidlərin sözlərinə görə, ərimi "Hyundai Santa-Fe" markalı DT 016 dövlət nömrə nişanlı avtomobil vurub".

H.Şeydayevanın sözlərinə görə, sükan arxasında 17 yaşlı Babayev Nağı Şahin oğlu olub: "Kənddə danışılan söz-söhbət mənə belə çatıb. Deyilənlərə görə, bir qadının idarə etdiyi avtomobillə ötüşürmüş. Qadın bunu sıxışdırıb, o da özünü saxlaya bilməyərək Ayazı arxadan vurub. Sürücünün atası Şahin Babayev oğlunun ümumiyyətlə avtomobil idarə etməsini inkar edir. Halbuki kənd camaatı Nağını dəfələrlə Ayazı vurduğu maşında görüblər. Ata deyir ki, həmin gün toyda olub və guya avtomobil onun özündə olub.  Ata Ş.Babayevi polisə çağırdılar, gəldi, "bizlik deyil, amma kömək edərik" dedi, heç köməklik də etmədi. Kənd adamıdırlar, evlərinə gedib kömək istədim. Nağının ana nənəsi Cəmilə qolumdan tutub asta səslə: "Uşağın adını çəkmə, kürəkənim hər şeyi yoluna qoyacaq", - dedi. Nənəyə inanıb bir az gözlədim, səsimi çıxarmadım. Həm də başım xəstəmə qarışmışdı, polisə getməyə vaxtım yox idi. Ayaz bir balaca özünə gəldikdən sonra yenə getdim onlara, Nağının atası Şahin dedi ki, nə mən, nə də oğlum Ayazı vurmuşuq, vəssalam... Sual yaranır, əgər onların maşını ilə vurulmayıbsa, bəs niyə əzilmişdi maşın? Kürəkənim hadisədən sonra öz maşını ilə onlara gedib. Həyətə daxil olanda həmin "Hyundai" orada olub, qabaq buferi əzik olub. Əlini buferə vuranda isə qopub düşüb yerə. 17 yaşlı Nağıdan "qaynatamı sən vurmusan?" deyə soruşanda həyəcan və qorxu içində, "ölüb?" sualını verib".

"Müstəntiq E. Köçəliyev deyir ki, ekspertizanın nəticələrinə görə, sizin ərinizi "Hyundai" avtomobili vurmayıb. Hər dəfə yanına gedəndə məni dinləmək istəmir. Nağının atası Şahini kabinetinə çağırır, məni isə qapıdan içəri buraxmır. Heç ekspertizanın nəticələrini də bizə vermir. Qəza anı baş verən ərazidəki müşahidə kamerasına düşüb. Ayazın vurulduğu yer dayanacaqdan 20 metr aralıdır. Həmin ərazidə marketlər və iaşə obyektləri var. Ola bilməz ki, o boyda qəza müşahidə kamerasına düşməsin. Yox, əgər biz dediyimiz maşın vurmayıbsa, bəs kim vurub? Başqa avtomobildirsə, onun sahibini tapıb cəzalandırsınlar. Axı biz dağ başında və ya cəngəllikdə yaşamırıq. O boyda qəza olub, bir insan şikəst qalıb, bir ailə çörəkpulu qazananını itirib. Axı necə ola bilər ki, cinayət edən cəzasız qalsın? Ayaz 50 gündür yataqdadır, mən onun baxıcısıyam. Dünyamız yıxılıb, həyatımız alt-üst olub. Bunun cavabını kim verəcək?" - deyə Həbibə xanım göz yaşı tökür.

Həbibə xanım bildirdi ki, həyat yoldaşı kəllə-beyin travması alıb, sidik kisəsi dağılıb, hər iki çanaq və onurğa sütunu çıxıb: "Sağ qalması möcüzədir. Sabunçu xəstəxanasında sidik kisəsi əməliyyat olunub, çanaqlar yerinə salınıb. Amma onurğa sütununa lazım olan əməliyyat qalıb. Bu müddət ərzində Ayazın müalicəsinə xeyli pul getdi, qohum-əqraba əl tutdu, faizə pul götürdüm, borca düşdüm. Ailənin pul qazananı da yataq xəstəsi oldu... Nə edəcəyimizi bilmirik, çətin vəziyyətdəyik".

Həbibə xanım cinayət işinin düzgün araşdırılaması üçün Baş Prokurorluğa müraciət edib. Cavab gözləyirlər və tezliklə haqq-ədalətin öz yerini tapacağına ümid edirlər.

Əlli yaşında yatağa mıəhkum edilmiş Ayaz Şeydayev az qala sağlamlığının 90 faizini itirib. Xəstəxanada qaldığı müddətdə həkimlərin köməyi ilə həyata qaytarılsa da, nə vaxtsa normal sağlamlığına geri dönəcəyinə ümidi yoxdur. Aldığı ağır xəsarətlərlə yanaşı, üzləşdiyi haqsızlıq da Ayazın sağalmasını çətinləşdirir.

"Əsəblərim pozulub, yuxu nədir - bilmirəm. Gecə sabaha qədər gözümü tavana zilləyib səhərin açılmasını gözləyirəm. Yatağa məhkum olmağım bir dərd, haqqımın tapdanmağı başqa dərd. Məni bu günə salanın cəzasız qalması daha ağırdır", - özündə qüvvə tapan zərərçəkmiş bunları deyə bildi.

İşi araşdıran müstəntiq Elməddin Köçəliyevlə əlaqə saxladıq. Müstəntiq BAKU.WS-ə açıqlamasında bildirdi ki, həqiqətən də əvvəlcə hadisənin "Hyundai" markalı avtomobil tərəfindən törədildiyindən şübhələniblər. Lakin sonradan araşdırmalar və ekspertiza tamam başqa nəticələri göstərib.

"Kürdəxanı qəsəbə sakini, 50 yaşlı Ayaz Şeydayevin uğradığı avtoqəza hadisəsi araşdırılır. Hadisəni törədən şəxs tezliklə tapılacaq və layiqli cəzasını alacaq”, - deyə Elməddin Köçəliyev bildirib.

Ziya Səccad
BAKU.WS