SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Müdafiə naziri cəbhə bölgəsində yerləşən hərbi hissədə keçirilən Dövlət Bayrağı Günü bayramında iştirak edib.
 
BAKU.WS məlumat verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birində Dövlət Bayrağı günü ilə əlaqədar keçirilən tədbirə qatılıb. Tədbirdə iştirak edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqlardan danışıb:

"Ali Baş Komandan, möhtərəm cənab Prezidentin diqqəti, qayğısı və birbaşa rəhbərliyi nəticəsində ordu son vaxtlar sürətlə inkişaf edir, bütün istiqamətlərdə yüksək nailiyyətlər əldə olunub. Cəbhədə keçirilən tədbirlər nəticəsində xeyli sayda düşmən məhv edilib, o, psixoloji cəhətdən sarsıdılıb. Əsgərlərimizin ruh yüksəkliyi düşmənləri qorxudur. Onlar vahimə içərisindədirlər. Müdafiə Nazirliyinin rəhbərliyi ilə cəbhə bölgəsində şəxsi heyətin xidməti döyüş fəaliyyətini, döyüş növbəsini yoxladıq. Bir daha əmin olduq ki, Azərbaycan əsgəri mərd şəkildə cəbhədə düşmənlə üz-üzə dayanaraq onu işğal olunmuş torpaqlarımızdan qovaraq ərazilərimizi azad etməyə tam hazırdır. Buna nail olmaq üçün bizim bütün imkanlarımız var.  Hər gün ordumuz müasir silahlar, toplar, zirehli texnikalarla silahlanır, yeni tikililər, o cümlədən sizin də xidmət etdiyiniz hərbi hissəniz əsgər və zabitlərin istifadəsinə verilir. Bunlar hamısı bizə imkan verir ki, haqq sözümüzü, mövqeyimizi müdafiə edək və qısa bir müddətdə ermənilərə göstərək ki, Azərbaycan xalqı, ordusu onlardan qat-qat üstündür. Biz bunu bu yaxınlarda düşmənə sübut edəcəyik. Qısa müddət ərzində həyata keçirilən əməliyyatlar göstərdi ki, işğalçını hansı aqibət gözləyir.
Bu bayram günündə mən xüsusi qeyd etmək istəyirəm ki, möhtərəm cənab Prezidentin bizə təqdim etdiyi döyüş bayrağımız da dövlət bayrağının rəmzlərini əks etdirir. Biz hamımız bir yerdə o günü yaxınlaşdırmalıyıq ki, döyüş bayraqlarımızı Azərbaycanın işğal olunmuş torpaqlarında ucaldaq. Hər bir Azərbaycan əsgəri nümunəvi nizam-intizama malik olmalı, xidməti fəaliyyətini, döyüş hazırlığını daim artırmalı, sərəncamındakı ən müasir silah-sursat, hərbi texnikanı bacarıqla istifadə etməyə qadir olmalı, işğalçılara qarşı döyüşlərdə mərdlik və fədakarlıq göstərməyə hər an hazır olmalıdır. Azərbaycan Silahlı Qüvvələrinin gücü məhz şəxsi heyətin vətənpərvərliyində, döyüş əzmi və ruh yüksəkliyində, yüksək nizam-intizamında və peşəkarlığındadır. Bir daha sizi təbrik edir və uğurlar arzulayıram”- deyə nazir bildirib. 
 
BAKU.WS