SİZİN REKLAM BURADA!
055 213 76 73



İtkin düşən alpinistlərlə bağlı cinayət işi açılıb. Bu barədə Respublika Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb. Hazırda cinayət işi üzrə baş prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Dağlıq ərazi və əlverişsiz hava şəraitinin çətinliklər yaratmasına baxmayaraq, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, Dövlət Sərhəd Xidməti tərəfindən intensiv axtarış tədbirləri isə davam etdirilir.

İlkin araşdırmalarla müəyyən edilib ki, "Gilavar" idman klubunun 3 üzvü - Namin Bunyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadə dekabrın 23-ü saat 14 radələrində "Tufandağ" zirvəsinə qalxmaq məqsədilə Xınalıq kəndindən "Şahdağ" Milli parkının "Xınalıq" keçid məntəqəsinə gələrək zirvəyə doğru hərəkət edib və naməlum şəraitdə itkin düşüblər.

Hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi və hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələrinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Bu arada, itkin düşən alpinistlərin rabitə vasitələri əsasında yerlərinin müəyyən edilməsi məsələsinə də rəsmi münasibət bildirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı açıqlamada qeyd olunub ki, bu məsələ ilə bağlı Nazirliyə müraciət daxil olmayıb. Qurumdan o da bildirilib ki, alpinistlərin sonuncu dəfə hansı məntəqədə rabitə vasitələrindən istifadə etmələrini, baza stansiyası ilə rabitə qurğusuna qədər olan məsafəni müəyyən etmək üçün Nazirliyin və tabelindəki telekomunikasiya müəssisələrinin araşdırma aparmağa texniki imkanları yoxdur.

14 gün əvvəl alpinistlər Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib. Hazırda onların axtarışları nazirlik əməkdaşları və könüllülərin iştirakı ilə davam etdirilir. Axtarışlara helikopterlər də cəlb edilib.

BAKU.WS