VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Evin yeganə övladı, valideynlərinin göz-bəbəyi olan 2 yaşlı Həsən Abdulmüslümov bir gecənin içində səbəbi bilinməyən virusdan dünyasını dəyişib.

Bu barədə uşağın dayısı Rüfət Quliyev BAKU.WS-ə şikayətində bildirib. Onun sözlərinə görə, 2 yaşlı körpə heç bir xəstəlikdən əziyyət çəkmirmiş. O çox sağlam uşaq olub.


Həsən Abdulmüslümov dayısı ilə birlikdə dənizə çimməyə gedib. Evə qayıtdıqdan sonra uşağın halı pisləşib. Qızdırması qalxıb və qusmağa başlayıb. Əvvəlcə ona ilkin yardım göstərilsə də, uşağın halı getdikcə pisləşib.

"Onu 7 nömrəli Uşaq İnfeksion Xəstəxanasına aparıblar. Xəstəxananın həkimi Elçin Əliyarov uşağı müayinə edib və ona tibbi yardım göstərib. Bir müddətdən sonra uşağa müalicə üçün dərmanlar yazıb. Həkimə dedik ki, lazımdırsa, uşağı xəstəxanada saxlayaq. Dedi ki, ehtiyac yoxdur. Lazım olsa mənimlə əlaqə saxlayın. Həsəni evə gətirdik. Həmin gecə halı qəflətən pisləşdi. Ona Qarayev adına uşaq xəstəxanasına apardıq. Oranın həkimləri əllərindən gələni etsələr də, artıq gec idi”, - deyə Rüfət Quliyev bildirib.

Həkimlər deyiblər ki, uşağın bədənindəki virus artıq bütün orqanlarıı bürüdüyündən onun həyatını xilas etmək mümkün olmayıb. Lakin bir az tez tədbir görülsəydi, 2 yaşlı Həsənin həyatını xilas etmək olardı. Yeganə övladlarının itkisinə dözə bilməyən valideynlər indi intihar həddindədirlər.

"Bacım Rəna Abdulmüslümov və həyat yoldaşı Zahir Abdulmüslümov şokdadırlar. Bacım az qalır özünü assın. Həkimlər sakitləşdiricilər verib, birtəhər sakitləşdirirlər”, - deyə Rüfət Quliyev vurğulayıb.

Məsələni aydınlaşdırmaq üçün uşağı müayinə edən pediatr Elçin Əliyarovla əlaqə saxladıq. Həkim BAKU.WS-ə bildirdi ki, uşaq onun yanına gətiriləndə vəziyyəti çox ağır olub. Lakin ona lazımı köməklik göstərilib. Uşağın halı yaxşılaşıb və onu evə aparıblar. Həkim uşağın ölümündə heç bir günahı olmadığını bildirib. Həsən Abdulmüslümovun hansı virusa yoluxması haqda isə həkim heç bir versiyası irəli sürə bilmədi. 


"Həsən Abdulmüslümov məlum olmayan virusa yoluxub. Biz əlimizdən gələni etdik. Mənim heç bir günahım yoxdur”, - deyə Elçin Əliyarov bildirib.
Əslində son günlər Bakı çimərliklərinə aparılan bir çox uşaq anoloji problemlərlə üzləşir. Bəzi valideynlər uşaqlarının dənizdən gətirildikdən sonra halının pisləşdiyini deyir. Deyirlər ki, uşaqlarda səpgilər müşahidə olunur. Qusma, işləmə və qızdırma ilə müşahidə olunan hallar baş verir.
Lakin rəsmi qurumlar Bakı çimərliklərində belə bir virusun yayılmadığını deyirlər. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Sanitariya xidmətinin rəhbəri Ziyəddin Kazımov BAKU.WS-ə açıqlamasında bildirib ki, bu ilin may ayından başlayaraq bütün çimərlik ərazilərində dəniz suyunun analizləri aparılır. Sahil və Qaradağ, o cümlədən Sumqayıt ərazisindəki dəniz sahilini çıxmaq şərtilə digər ərazilərdə dəniz suyunun tərkibindəki bakteroloji maddələr norma daxilindədir.


Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibib Yardım Stansioyasından isə bildirirlər ki, son günlər uşalar arasında çağırışla bağlı müraciətlərin sayında da elə kəskin artım yoxdur.

Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev də BAKU.WS-ə açıqlamasında vəziyyətin nəzarət altında olduğunu bildirib. Onun sözlərinə görə, bu diaqnozla xəstəxanaya müraciət edənlərin sayında artım müşahidə olunmur. 

"İlk növbədə valideynlər diqqətli olmalıdırlar. Bacardıqları qədər uşaqları günün altında saxlamamalıdırlar. onların qidasına fikir verməlidirlər. Körpələri dəniz suyundan kənar tutmalıdırlar. Çalışmaq lazımdır ki, uşaqlar dəniz suyu ilə çox təmasda olmasınlar”, - deyə Nəsib Quliyev bildirib.

Səhiyyə Nazirliyindən də bildirdilər ki, hazırda qeyd edilən məsələ nəzarət altındadır və araşdırmalar aparılır.


Ziya Səccad
BAKU.WS