VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda sərnişinin ölümünə səbəb olan avtobus sürücüsü tutulub.
 
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan BAKU.WS-ə verilən birgə məlumatda qeyd olunur ki, avqustun 2-də paytaxtın Yasamal rayonu ərazisində Yevlax rayon sakini Taleh Məmmədovun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 39 saylı marşrut xətti üzrə idarə etdiyi "İsuzu” markalı avtobus hərəkətdə olarkən qabaq qapısı açıq olduğundan sərnişin, Ağsu rayon sakini Xəzəngül Sadıxova yıxılıb.

"Kəllə-beyin travması” diaqnozu ilə xəstəxanaya yerləşdirilən X.Sadıxova həmin gün orada vəfat edib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

T. Məmmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilməklə sürücülərin işə götürülməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyən aidiyyəti şəxslərin hüquqi məsuliyyət məsələsi araşdırılır.

Ziya Səccad
BAKU.WS