SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"İmedi” televiziya kanalında çıxışında Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması uğrunda vuruşmağa şazır olduğunu bəyan edən Gürcüstan parlamentinin deputatı Azər Süleymanov erməni deputat Samvel Petrosyanın onun çıxışına reaksiya verməsinə münasibət bildirib.
 
BAKU.WS-in məlumatına görə, A. Süleymanov APA-ya açıqlamasında deyib ki, lazım gəlsə Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması uğrunda vuruşmağa hazırdırlar, çünki Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır.
 
A. Süleymanov bunu Gürcüstan parlamentinin deputatı kimi yox, azərbaycanlı kimi dediyini vurğulayıb: "Gürcüstanda yaşayan soydaşlarımız həmişə bəyan edirlər ki, biz işğal olunan Gürcüstan torpaqlarının azad olunmasına gürcü vətəndaşlarımızla birgə həmişə hazırıq. Biz 2008-ci ildə Abxaziyada başlanan müharibədə iştirak etmək üçün azərbaycanlı və gürcülərlə birlikdə batalyon yaratmışdıq. Qori şəhərinə qədər getdik və bildirdik ki, Gürcüstan bizim vətənimizdir, biz də müharibədə iştirak etməyə hazırıq. 2008-ci ildə Abxaziya müharibəsində 150 nəfər soydaşımızın vuruşub və mayor rütbəli soydaşımız həlak olub. Ermənilər isə Abxaziyada Baqramyan adına batalyon yaradaraq Gürcüstana qarşı vuruşublar və Abxaziyanın işğal olunmasında iştirak ediblər. Biz həm Dağlıq Qarabağda, həm də Gürcüstanda iki bölgənin - Abxaziya və Osetiyanın azad olunmasında iştirak etməyə və canımızı qurban verməyə hazırıq. Biz Gürcüstan övladlarıyıq”.
 
Azərbaycanlı deputat onun sözlərinin Gürcüstan parlamentinin deputatı Samvel Petrosyana təsir etdiyini və erməni deputatın "İmedi” kanalında ona qarşı təbliğat apardığını bildirib: "Dağlıq Qarabağ tarixən Azərbaycanın torpağıdır və hər zaman Gürcüstanda yaşayan azərbaycanlılar bunu dəfələrlə vurğulayıblar. Son günlər tarixi Vətənimizdə Ermənistan Silahlı Qüvvələri ilə baş verən qarşıdurma bizi çox narahat edir. Biz bu prosesləri yaxından izləyirik. Necə ola bilər ki, Azərbaycanda müharibə getsin və biz də susaq?! Erməni deputatı deyir ki, bura Gürcüstandır və mənim səsləndirdiyim sözləri cavabsız qoymayacaqlar. Bəli, kaş həmkarım erməni deputat mənim kimi Gürcüstanı sevsin. Mən həmçinin tarixi Vətənimizi sevən və onun uğuruna sevinən, kədərinə kədərlənən azərbaycanlıyam”.
 
BAKU.WS