VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Son vaxtlar sosial şəbəkələrdə paytaxtda avtomobillərin qarət olunması, qaçırılması hallarının artması barədə məlumatlar yayılır.

BAKU.WS xəbər verir ki, həmçinin oğurluq edilmiş maşınların görüntüləri yayılır.


Belə halların artmasının səbəbi nədir?

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, vətəndaşların polis orqanlarına etdikləri müraciətlər əsasında qeydə alınan bütün cinayət hadisələri araşdırılır.

Nəticədən asılı olaraq sonra məsələyə hüquqi qiymət verilir.


“Son zamanlar sosial şəbəkələrdə paytaxtın hansısa yaşayış massivlərində, binaların və yolların kənarlarında əsasən gecələr avtomobillərdən az qala serial oğurluqlar edilməsi ilə bağlı məlumatlar yayılsa da, çox zaman bu, gündəlik praktikada faktlarla öz təsdiqini tapmır.

Qeyd olunan halların baş verməməsində isə ilk növbədə hər bir şəxs maraqlı olmalıdır. Çünki cinayətkarlarla mübarizə və ictimai asayişin təmini təkcə hüquq-mühafizə orqanlarının işi deyil, bu, istisnasız olaraq cəmiyyətin bütün təbəqələrinin təmsilçilərinin, vətəndaşların mənafeyinə toxunan bir məsələdir.

Bir də görürsən ki, vətəndaş avtomobilini yaşadığı ərazidən uzaqda, qaranlıq, kənar ərazidə saxlayır və nəticədə oğurluq baş verir. Belə halların baş verməməsi üçün vətəndaş əvvəlcədən özündən asılı olan qabaqlayıcı profilaktik tədbirləri görməlidir.

Arzuolunan haldır ki, o, özünə məxsus nəqliyyat vasitəsini qorunan duracaqlarda, bu mümkün olmadıqda isə gözlə görünən, gecələr yaxşı işıqlandırılan ərazilərdə park etsin və ya saxlasın.

Əgər oğurluq baş veribsə, bu barədə dərhal Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi” Xidmətinə və ya aidiyyatı üzrə ərazi polis orqanlarına müraciət etməlidir”.

Qeyd edək ki, müşahidələrə əsasən ən çox bahalı avtomobillər yarılır. Polis rəsmisi deyir ki, vətəndaşlar bu səbəbdən də diqqətli olmalıdırlar:

“Bahalı avtomobilləri bəzən harada gəldi saxlayırlar.


Ümumiyyətlə, avtomaşınların salonunda, gözəgələn yerdə çanta, pulqabı, bahalı telefon, məlumat daşıyıcıları, şəxsiyyəti təsdiqləyən sənədlərin, digər qiymətli əşyaların saxlanılması yolverilməzdir.

Belə vəziyyət daha çox cinayətə meyilli adamların, xüsusən oğurluqla, soyğunçuluqla məşğul olan kəslərin işinə yarayır, onların diqqətini cəlb edir.

Adətən oğurluqlar da ilk baxışdan içərisində qiymətli əşyaların olduğu görünən nəqliyyat vasitələrində olur. Təcrübə də göstərir ki, polis tərəfindən mühafizə olunan ev və ofislərdən, o cümlədən duracaqlardan oğurluqlar edilmir.

Vətəndaş özünə sual verməlidir ki, oğurluqların qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirləri görüb?

Çox şey özümüzdən asılıdır. Hər şeyi dövlət orqanlarından tələb etmək, hüquq-mühafizə qurumlarının üzərinə atmaq düzgün yanaşma deyil”.

Ziya SƏCCAD
BAKU.WS