VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Son zamanlar ev təmiri ilə bağlı vətəndaşlar bəzi problemlərlə rastlaşırlar.


Problemlərdən də əsası mənzildə aparılan təmir işləri zamanı Mənzil-Kommunal Istismar sahələrindən, yəni “JEK”-dən, icra hakimiyyətindən, Fövqəladə Hallar Nazirliyindən və digər qurumlardan məsələyə müdaxilə edilir.

Bu barədə BAKU.WS-ə çoxsaylı şikayətlər daxil olur. Bu şikayətlərdən birini də Ülvi Nəcəfzadə adlı vətəndaş tərəfindən ünvanlanıb.

“Evdə təmir işləri aparırdıq. Balkonla evin qapısını götürüb, otağı genişləndirmək istəyirdik. Həmin dəqiqə icra nümayəndəsi gəldi və məsələyə müdaxilə etdi”, - deyə Ülvi Nəcəfzadə bildirib.

Əslində necə olmalıdır? Evdə təmir işləri aparmazdan əvvəl nələri bilmək lazımdır?

Məsələ ilə əlaqədar “Chiza Arxitektura” Bürosunun həmtəsisçisi Çingiz Ağarzayev BAKU.WS-ə açıqlamasında bildirdi ki, təmir işləri aparılarkən mütləq müəyyən nüansları bilmək lazımdır.


“İlk növbədə deyim ki, yeni tikilən binalarda fasad üzündə hansısa dəyişiklik etməyə icazə yoxdur. Əgər vətəndaş mənzil aldığı binada fasad dəyişiklik etmək istəyirsə, bu əməl qanunsuzdur. Köhnə binalara gəlincə, düşünürəm ki, belə binaların hamısı sökülməlidir, yerində təzəsi tikilməlidir.


“Xruşşovka”, “stalinka” və s. bu zaman dəyişiklik edilirsə, mütləq mütəxəssis tərəfindən layihə cızılmalıdır.

Ümumiyyətlə çoxu köhnə binalarda balkon artırırlar. Əsasən də birinci mərtəbələr balkonlarını artırırlar. Əslində biz memarlar bunun tərəfdarı deyilik.


Bəzən görürük ki, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində balkonu böyüdürlər. Onun altına dirəklər qoyurlar. Bu hamısı konstruktiv elementlərdir. Əgər işlər mütəxəssislər tərəfindən aparılmırsa, hansısa təbii fəlakət, zəlzələ nəticəsində dağıntı baş verə bilər.

Qanunla köhnə binalarda da fasadlara əlavə etmək qadağandır. Əslində bu işlərə icazə verilməməlidir. Amma bunlar necə tikilir, məlum deyil.


Bu artırmalar mənzilin sənədlərinə “kupça”lara əlavə edilmir”, - deyə ekspert bildirib.

Çingiz Ağarzayev deyir ki, əgər söhbət evlərin içərisində edilən təmir-tikinti işlərindən gedirsə, burada fərqli vəziyyətdir:


“Mənzilin içərisində təmir işləri aparılarkən, konstruktiv dəyişiklik zamanı mütləq mütəxəssislərlə məsləhətləşmələr aparılmalıdır. Heç kim binanın daşıyıcı divarını sökə bilməz. Lakin divar kərpicdən hörülübsə, heç bir daşıyıcı funksiyanı yerinə yetirmirsə, onu sömək və yerinə dəyişmək olar.

Bəzən evlərdə hamamla mətbəxtin yerini dəyişirlər. Bu zaman da, işi görən, layihəni çəkən şəxsin peşəkarlığından asılıdır. Bəziləri bunu necə gəldi edirlər. Bilmədən daşıyıcı divarları sökürlər. Bu zaman binanın özülünə zərər dəyə bilər”.


Ekspert deyir ki, əgər təmir-dəyişiklik işləri yeni tikilən binalarda aparılırsa, bu zaman binanı tikən tikinti şirkətinin rəhbərliyinə müraciət olunmalıdır:

“Şirkətin mütəxəssisləri gəlib işlərlə tanış olurlar və rəy verirlər. Lakin köhnə binalarda aparılan dəyişiklik zamanı ilk növbədə icra nümayəndəliyinə müraciət edilməlidir”.


Bəzən evdə mətbəxt, hamam və tualetin yerinə dəyişmək istəyirlər. Ekspert deyir ki, bunlar da konstruktiv dəyişiklik sayılır:

“Əslində konstruktiv dəyişiklik zamanı ilk növbədə İcra hakimiyyətinə müraciət edilməlidir. Sonradan işlərə Fövqəladə Hallar Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri baxış keçirməlidirlər. Burada yeni binalarda baş verirsə, tikinti şirkəti cavabdehlik daşıyır.


Fərdi evlərdə isə vəziyyət başqadır. Burada evin içərisində dəyişiklik edilirsə, bu vətəndaşın şəxsi işidir. Lakin vətəndaş tikilinin üstündə, yaxud yanında əlavə tikinti aparırsa, bu zaman yeni layihə hazırlanmalıdır”.

Məsələ ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsilə əlaqə saxladıq. Qurumun memarlıq şöbəsinin əməkdaşı Mübarizə Əzizov BAKU.WS-ə açıqlamasında bildirdi ki, bunun üçün vətəndaş ilk növbədə müvafiq rayon üzrə icra hakimiyyətinin memarlıq şöbəsinə müraciət etməlidir.

“Oradan mütəxəssislər gəlib baxmalıdır. Görüləsi işlər barədə rəy verməlidirlər. Ümumiyyətlə bina evlərində konstruktiv dəyişiklik etmək qadağandır. Heç bir halda buna yol verilmir. Fərdi evlərdə isə buna müdaxilə edilmir. Kim necə istəyirsə, otaqdəyişiklik edilir”.

Ziya SƏCCAD
BAKU.WS