SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşlər keçirib.

BAKU.WS xəbər verir ki, prezidentin BP qrupunun baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, “Azəri-Çıraq-Günəşli”, “Şəfəq”, “Asiman”, “Abşeron” və digər yataqlar üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.


Azərbaycan prezidentinin Davosda növbəti görüşü  “CISCO” şirkətinin vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott ilə baş tutub.


Daha bir görüş  “Visa” şirkətinin prezidenti Rayan MakInerni ilə olub. Görüşdə Rayan Maklnerni bu il Davosa səfərlərinin əsas məqsədinin Prezident İlham Əliyev ilə görüşmək olduğunu vurğulayıb.

O, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal ödənişlərin inkişafında mühüm irəliləyişlərin baş verdiyini və bu sahədə müxtəlif layihələrin reallaşdırılmasında “Visa” şirkətinin ölkənin müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirib. Rayan Maklnerni nağdsız ödənişlərin inkişafı üçün Azərbaycanda tətbiq edilən vergi güzəştlərinin və digər təşəbbüslərin çox faydalı olacağını qeyd edib, bunun başqa ölkələr üçün də nümunə olduğunu deyib.


Hazırda Azərbaycanda elektron ödənişlərin aparılmasında “Visa” brendli kartlardan geniş istifadə edildiyini deyən Rayan Maklnerni şirkətin ölkədə fəaliyyətinin genişləndirilməsində maraqlı olduğunu, bir çox sahələrdə, o cümlədən ictimai nəqliyyatda da nağdsız ödənişlərin geniş tətbiqinə dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.

Prezident İlham Əliyev elektron ödənişlərin inkişafının ölkə üçün əhəmiyyətli məsələlərdən biri olduğunu və bu məqsədlə geniş islahatların aparıldığını, bu islahatların artıq nəticələr verdiyini, o cümlədən bunun beynəlxalq reytinqlərdə, məsələn, “Doing Business 2019” hesabatında əks olunduğunu, Azərbaycanın bu hesabatda 32 pillə irəliləyərək 57-ci yerdən 25-ci yerə yüksəldiyini bildirib. Dövlət başçısı əməkdaşlıq səylərinin daha da gücləndirilməsinin önəmini ifadə edib.

Məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

BAKU.WS