SİZİN REKLAM BURADA!
055 213 76 73



 
İnzibati xətalar məcəlləsinə kütləvi informasiya vasitələrinə gizli sponsorluqla bağlı cərimə maddəsinin bu formada əlavə edilməsi absurddur. 

Milli Məclis özünün qəbul etdiyi 3 qanunun – "Kütləvi informasiya vasitələri haqqında”, ''Televiziya və radio yayımı haqqında” və "Reklam haqqında” qanunların tələb və müddəalarını pozur. Birincisi, qanunsuz sponsorluq ifadəsi doğru deyil. "Qanunların sponsorluq haqqında tələblərini pozmaq” ifadəsi ola bilər. Çünki qeyd edilən hər üç qanunda sponsor dəstəyi ilə hazırlanan veriliş və materiallarda onların sponsor köməyi ilə hazırlandığı göstərilməlidir. Digər tərəfdən, nə üçün medianın qanun pozmasına görə başqa bir tərəf cərimələnməlidir? Belə ki, qanunlara görə, sponsorluq bütünlüklə kütləvi informasiya vasitəsinə edilə bilməz, yalnız hər hansı bir proqrama, materiala və ya müəyyən hissələrinə edilə bilər.
 
Həmçinin ''Televiziya və radio yayımı haqqında'' qanuna görə, xəbərlər buraxılışı və siyasi informasiya proqramları sponsorların maliyyə köməyi ilə hazırlana bilməz. Əgər media qanunlardakı bu tələbləri pozursa, nə üçün cərimə olunan o deyil, əks tərəf olmalıdır? KİV-in özünə aid olan qanunu pozmasında 3-cü tərəf necə təqsirləndirilə bilər?! Burada yəqin ki, məqsəd medianın rüşvət alması ifadəsini yüngülləşdirmək və cəzanı yalnız həmin rüşvəti verən tərəfin üstünə atmaqdır. Yəqin ki, bu da sahibkarları cərimələmək üçün daha bir bəhanədir. Sponsorluq haqqında tələblərin pozulmasına görə birbaşa məsuliyyət medianın üstünə salınmalıdır ki, o, sponsorlara qarşı tələbkar olub, hər pul verənin istəyi ilə oynamaq məcburiyyətində qalmasın. Rüşvət isə qanunsuz sponsorluq adı ilə təqdim olunmamalıdır. Rüşvətin bir adı var. O da rüşvətdir.
 
Afət Yaqubova 
BAKU.WS