VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sosial sığorta haqqında qanuna təklif edilən dəyişiklərə görə, sosial sığorta haqlarının işəgötürən və işçiyə düşən hissələrində nisbət dəyişə bilər.

Vergi qanunvericiliyinə təklif edilən dəyişiklərə görə isə, qeyri neft-qaz və dövlət sektorunda çalışmayan və 8000 manata kimi olan əməkhaqqı alanlar gəlir vergisi verməyəcək.

Bu vergi daha əvvəl 2500 manata qədər əməkhaqqı alanlar üçün 14 faiz, daha çox alanlar üçün isə 25 faiz idi.

Əmək müqaviləniz varsa, nə qədər ödəyəcəksiniz?

Dəyişiklərə əsasən, sosial sığorta, işçinin ümumi əmək haqqından 25 faiz hesablanırdı. Bunun bir hissəsini işçi, digərini isə işverən ödəməli idi.

Hazırkı dəyişiklərə əsasən, ödəniləcək rəqəm eyni qalsa da, ödəyənlər arasında faiz nisbəti bölünüb.

Dəyişiklərə görə, 200 manata kimi olan əmək haqqında sosial sığorta haqqı əvvəlki qaydada tutulacaq. Yəni işçinin özü 3 faiz ödəməlidir, işverən isə 22 faiz.

200 manatdan çox olan əmək haqlarında isə sosial sığorta ödəmələrinin strukturunda dəyişiklik edilib.

Artıq hissə üçün işçi 3 faiz yox, 10 faiz ödəyəcək. İşverən və ya müəssisə isə 15 faiz.

Əvvəl isə işçi 14 faiz, müəssisə isə 22 faiz ödəməli idi. Yəni indi müəssisənin ödədiyi 7 faizi işçi ödəyir. Amma bu halda da o, daha əvvəl ödədiyindən 7 faiz az ödəyir.

Yəni həm işçi, həm də müəssisə 7 faiz irəli düşür.

Məsələn: Vətəndaş 500 manat əmək haqqı alırsa, o gəlir vergisi ödəmir. 500 manatın 200 manat hissəsi üçün 3 faiz sosial sığorta ödəyir. Bu zaman müəssisə 22 faiz ödəyir. Əmək haqqının qalan 300 manatı üçün vətəndaş 10, müəssisə 15 faiz sosial sığorta haqqı ödəyir.

Xidməti müqavilə və VÖEN-lə işləyənlər üçün nə dəyişəcək?

VÖEN-lə işləyənlər üçün sosial öhdəliklər minimum əmək haqqının 25 faizi həcmində olacaq, Vergilər Nazirliyindən BBC News Azərbaycancaya deyilib.

Nazirliyin sözçüsü Şahin Məmmədov deyir ki, minimum əmək haqqı 130 manatdırsa, o zaman ödəniləcək məbləğ 32 manat edir. Əvvəllər isə bu rəqəm 26 manat idi.

VÖEN-i olmayan şəxslər isə, vergi uçotunda olmadıqları üçün bu öhdəlik vəsaiti ödəyən şəxsin üzərinə düşür.

Vergi orqanlarına uçota alınmayan və mülki-hüquqi xarakterli müqavilə əsasında çalışan belə şəxslərin sosial sığorta yükündə dəyişiklik baş verməyib, nazirlik deyir.

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edənlər nə qədər sığorta haqqı ödəyəcəklər?

Qanun layihəsində yazılır ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

* sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında;

* mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə ödəmə mənbəyindən tutulmaqla - gəlirlərinin 25 faizi miqdarında;

* xüsusi notariuslar üzrə - minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında;

* müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla - hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;

* vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər - gəlirlərinin 20 faizi miqdarında;

* mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında.

Dəyişiklərin məqsədi nədir?

Vergi məsələləri üzrə təhlilçi Rəşad Əliyev deyir ki, bu qərarlar kölgə iqtisadiyyatının leqallaşdırılması məqsədi daşıyır.

Bu sistemin tətbiqi işverənləri əmək münasibətlərinin qanuniləşdirilməsinə, əmək haqlarını şəffaf göstərməyə stimullaşdırır. Həmçinin əmək münasibətlərində vergidən yayınmanın aradan qaldırılmasına yardım edə bilər, o deyir.

Vergilər Nazirliyinin sözçüsü Şahin Məmmədov deyir ki, dəyişiklər qəbul edilərsə, işə götürənlər və işçilər üçün əmək müqaviləsinin imzalanması daha da sərfəli olacaq.

Bu dəyişiklər 2019-cu il yanvarın 1-dən 7 il müddətinə nəzərdə tutulub.

Dəyişiklər Milli Məclisin müzakirəsinə təqdim edilib.

BAKU.WS