SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda kimsəsiz və imkansız uşaqlar üçün pulsuz təhsil ala biləcəkləri sığınacaq açılır. 
 
BAKU.WS-in məlumatına görə, bu təşəbbüs Zirvə Ziyalılar Təşkilatı (ZZT) tərəfindən edilib. QHT-nin rəsmisi Fatimə Babayevanın sözlərinə görə, artıq sığınacaqda tamamlama işləri görülür və yaxın günlərdə kimsəsiz və imkansız uşaqlar üçün hər cür şəraitlə təmin edilən məkan tam hazır olacaq.
 
QHT rəsmisi sığınacağın 3-cü mikrorayon ərazisində 3 mərtəbəli villalardan birində fəaliyyətə başlayacağını söyləyib: "Mənzili bizə adının açıqlanmasını istəməyən imkanlı bir şəxs təqdim edib. Burada biz kimsəsiz və imkansız uşaqların pulsuz təhsil alması və zəruri ehtiyaclarının qarşılanması üçün çalışacağıq. İnsanlardan bu cür uşaqların sığınacağımıza yönləndirilməsini xahiş edirik. Küçədə kimsəsiz uşağ görsəniz maraqlanın və bizə bildirin. Bu soyuqda küçələrdə uşaqlar qalmasın, xüsusilə də qız uşaqları".
 
Fatimə Babayeva onu da bildirib ki, sığınacağa könüllü müəllimlər də axtarılır. Uşaqlara pulsuz təhsil vermək istəyənlər sığınacaqla əlaqə saxlaya bilərlər. QHT rəsmisinin sözlərinə görə, sığınacaq insanların yardımları ilə fəaliyət göstərəcək. 
 
Kimsəsiz və imkansız uşaqların yaşaması və təhsil ala bilməsi üçün yardım etmək istəyənlər Fatimə Babayeva ilə əlaqə (0558837063) saxlaya bilərlər. 

Şahin Həbibov 
BAKU.WS