VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Avqustun 8-də "Bakmil" stansiyasında planlı surətdə aparılan yenidənqurma tədbirlərinin növbəti mərhələsi başlanır.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə məlumat verib.

Onun sözlərinə görə, sabahdan sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışı müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq. Belə ki, sərnişinlər 8:20-dən 17:00-a qədər stansiyanın xidmətindən istifadə edə bilməyəcəklər:

""Bakmil" stansiyasının əsas sərnişinləri yaxın ərazinin sakinləri, həmçinin burada yerləşən müəssisə və təşkilatların əməkdaşlarıdır.

Buna görə də onların marağı xüsusi olaraq nəzərə alınaraq, məhdudiyyət günün əsas iş vaxtı hesab olunan 8:20-17:00 aralığına təyin edilib. Bu isə o deməkdir ki, hərəkət qrafikinə uyğun olaraq, qatarlar sərnişinləri 8:20-yə qədər və 17:00-dan sonra həm "Bakmil", həm də əks istiqamətdə daşıyacaq.

B.Məmmədov bildirib ki, məhdudiyyət tətbiq edildiyi müddətdə sərnişinlərin alternativ nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, "Bakmil" stansiyasına sərnişinlərin giriş-çıxışının məhdudlaşdırıldığı vaxt ərzində, "Bakmil" və "Koroğlu" stansiyaları arasında avtobus marşrut xətti fəaliyyət göstərəcək.

Metropoliten rəsmisi qeyd edib ki, 1979-cu ildə istismara verilmiş Bakı metropoliteninin yeganə yerüstü stansiyası olan “Bakmil”də bu vaxta qədər əsaslı təmir və yenidənqurma işləri aparılmayıb.

Uzunmüddətli istismar dövründə köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və qurğuların, həmçinin digər infrastrukturun təmir-bərpası və yenidənqurulması günün zəruri tələbi idi.

2017-ci ilin yayından aparılan yenidənqurmanın əvvəlki mərhələlərində görülən yüksək təhlükəsizlik tədbirləri nəticəsində sərnişinlərin stansiyadan istifadə etməsinə məhdudiyyətlər qoyulmayıb.

Lakin təmirin qarşıdakı müddəti ərzində burada çalışan işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sərnişin qatarlarının hərəkətinin günün müəyyən saatlarında məhdudlaşdırılması zərurəti yaranıb.

Eyni zamanda, görüləcək işlərin mahiyyəti nəzərə alınaraq, bu, təmir prosesinin sürətləndirilməsinə də təsir edəcək.

BAKU.WS