SİZİN REKLAM BURADA!
055 213 76 73


  
Nardaranda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat artıq demək olar ki, başa çatıb. Qəsəbədə bir sıra evlərdə axtarış aparılıb, silah-sursat götürülüb, saxlanılanlar var. 

Amma hadisələrin gedişatı göstərir ki, Nardaranda sadəcə polis əməliyyatı aparılmır. Hakimiyyətin məqsədi Nardaranı dəyişmək, bu qəsəbəni dini fanatizmin mərkəzi statusundan çıxarmaqdır. Kənddə qara bayraqların çıxarılması, divarlardan dini şüarların silinməsi və digər bu kimi addımlar iqtidarın məhz bu niyyətindən xəbər verir. Nardaranın bir həftə bundan əvvəlki vəziyyətə qayıtmasından sığortalanmaq üçün hakimiyyət kənddə həyat tərzini dəyişmək kimi çətin bir vəzifənin öhdəsindən gəlməlidir. Bunu isə polis əməliyyatı vasitəsilə və ya kommunal işçilərin divarların ağardılması üzrə işləri ilə həyata keçirmək mümkün deyil. 

İlk növbədə kənddə dünyəvi hakimiyyətin bütün atributları bərpa edilməlidir. Yəni effektiv işləyə biləcək bələdiyyə strukturları və yerli icra nümayəndələri aparatı formalaşdırılmalıdır. Kommunal xidmətlərin, elektrik enerjisinin, qazın və suyun əhaliyə satılması mexanizmi yenidən qurulmalı və işləməlidir. Nardaranda polis sahə müvəkkillərinin fəaliyyəti bərpa olunmalıdır ki, hüquq-mühafizə orqanlarının əməliyyatı başa çatdıqdan sonra qəsəbədə qanunun qorunması təmin olunsun. 

Bu atılması zəruri olan və müxtəlif dövlət qurumları tərəfindən hökmən görüləcək işlərdir. Sonrakı mərhələdə isə artıq institusional addımların atılması tələb olunur. Nardaranda dini fanatizmin kökü müxtəlif qüvvələrin kənd əhalisinin savadsızlığı, kasıblığı, sosial probleri fonunda qurduğu effektriv təbliğata gedib çıxırdı. Bu təbliğat illər boyu aparılıb və indi onun aradan qaldırılmasına da eynilə illər tələb olunacaq. Hökumət radikal qüvvələrin təbliğatını neytrallaşdırmaqla yanaşı dini fanatizmin köklərini aradan qaldırmalıdır. 

İlk növbədə uşaqların təhsilə cəlb edilməsi həyata keçirilməlidir. Nardaran hadisələri zamanı biz sosial şəbəkələrdə kənddə yaşayan uşaqların yaşlarına və başlarına uyğun olmayan bəyanatlarının və çəkilişi aparan şəxsin israrla verdiyi "onların hamısını başa düşdüm, amma sən niyə məktəbdə deyilsən” sualının şahidi olduq. Müəllif əslində bu sualı verməklə problemin kökünü göstərir. Bu gün qəsəbədə uşaqların əksəriyyətinin, xüsusən də qızların təhsilə cəlb edilməsi sadəcə fiksiyadır. Uşağın adı məktəbdə getsə də əslində o təhsildən tamamilə kənarda qalıb. Bu XX əsrin əvvəllərinə xas olan problemlə indi biz Nardaranda yenidən rastlaşmışıq. Əslində problem bütün respublika miqyasında var, sadəcə Nardaranda o özünü daha qabarıq göstərir.
 
Ötən əsrin əvvəllərində olduğu kimi problemi ilk növbədə inzibati yollarla həll etmək olar. Valideynləri uşaqları məktəbə gətirməyə məcbur etmək lazımdır. Rusiyada çar Birinci Pyotr köhnə formatlı zadəganların saqqallarını zorla qırxdırdığı, Atatürkün Türkiyədə Avropa üslublu geyimləri zorla tətbiq etdiyi dövrdə olduğu kimi indi də bunun başqa yolu yoxdur. Bütün bunların atavizmə necə bənzədiyini anlayıram, amma təəsüf ki, müasir dövrdə kiminsə zorla təhsilə cəlbindən söhbət gedirsə, deməli bunu etməyin başqa yolu yoxdur. Hazırda uşaqların məktəbdən yayınmasına görə pul cərimələrinin tətbiqi müzakirə mövzusudur və çox güman ki, bu məsələnin gündəmə gəlməsinə dolayısı ilə Nardaran hadisələri səbəb olub. Hökumət gərək elə bir sistem tətbiq etsin ki, gənclərdən bu və ya digər işin görülməsi üçün daim natamam orta təhsilin olması barədə sənəd istənilsin. Və təbii ki, bu sənədin alınması, məktəbdə təhsil prosesi rüşvətsiz və şəffaf olsun. 

İkinci çox mühüm bir istiqamət Nardaranda yoxsulluqla mübarizə, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsidir. Zərərli təbliğatın istənilən formasına ən çox kasıb insanlar həssasdır. Onlar daim dini fanatiklərin siyahısını artırmaq istəyən qüvvələrin hədəf qrupuna daxildirlər. Ona görə də Nardaranda problemləri köklü formada həll etmək üçün kənd sakinləri üçün əlavə iş yerləri yaradılmalıdır. Hökumət elə bir güzəştlər və stimullaşdırma sistemi tətbiq etməlidir ki, nardaranlıların gəlirləri artsın, kiçik və orta sahibkarlıq inkişaf etsin. İndiki böhran dövründə Bakı ətrafı qəsəbələrdə yaşayan sakinlərin kənd təsərrüfatı fəaliyyətinin stimullaşdırılması üçün onlara güzəştli krditlərin ayrılması və ya vergi güzəştlərinin edilməsi müzakirə mövzusu ola bilər. Bundan əlavə, Nardaran sakinlərinin ənənəvi məşğuliyyət istiqamətlərinin də bərpası gündəmdə olmalıdır. Bununla paralel hökumət kənddə sosial problemlərin həlli istiqamətində addımlar atmalıdır. Söhbət ünvanlı sosial yardım proqramında daxil ola biləcək şəxslərin siyahısının hazırlanması, aztəminatlı ailələr üçün qazanc mənbələrinin formalaşdırılmasından gedir. 

Bu istiqamətlər üzrə fəaliyyət köklü yanaşma tələb edir. Konkret fəaliyyət proqramı hazırlanmalı, mərhələlər üzrə görüləcək işlər müəyyən edilməlidir. Bu proqramın icrası vaxt və zəhmət tələb edəcək. Amma hakimiyyət Nardaranda dini fanatizm problemini birdəfəlik həll etmək üçün bu yolu getməlidir. İstisna deyil ki, uğurlu olacağı təqdirdə bu model gələcəkdə Azərbaycanın digər problemli bölgələrinə də tətbiq edilsin.  
 
Əli Mahmudov
BAKU.WS