VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Noyabrda dünya valyutası digər əsas valyutalara münasibətdə möhkəmlənməyə başladı. Bunun təsiri manata da çatdı. Ancaq digər valyutalardan fərqli olaraq manat yaşıl pula növbəti dəfə dirəniş göstərdi. Avroya geniş rəqs meydançası verən Mərkəzi Bank dolları absis oxuna paralel hərəkət etdirdi. Dolların manata olan rəsmi məzənnəsi 1.0491 - 1.0512 intervalında dəyişdi. Bahalaşma hər 100 dollara cəmi 21 qəpik oldu. Elə buna görə də valyuta ehtiyatlarının bir hissəsini sərf etməli oldu".
 
BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Samir Əliyev söyləyib. Onun sözlərinə görə, dünyada baş verənləri təsiri olaraq noyabrda dollara tələbatın artması intervensiyanı gücləndirdi. Təkcə bir həftədə Mərkəzi Bank 300 milyon dollardan çox intervensiya etmək məcburiyyətində qalıb. "Bütün bunlar üçün valyuta ehtiyatına müraciət etməli oldu. Təsadüfi deyil ki, noyabr ayında Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 8,6% və ya 589 milyon dollar azalaraq 6,3 milyard dollara düşüb. Bu, son 5 ildə ən aşağı həddir. Sonuncu dəfə 2010-cu ilin noyabrda ehtiyatın həcmi bu səviyyədə (6.1 milyard dollar) olub. 2015-ci ilin 11 ayında isə valyuta ehtiyatı 55% azalıb. Halbuki ilin əvvəlində Mərkəzi Bank 13,6 milyard dollarlıq ehtiyata malik olub".
 

 Samir Əliyev (İqtisadçı)


İqtisadçı hesab edir ki, noyabr ayı ərzində Mərkəzi Bankın dolların rəsmi məzənnəsini hər gün cüzi artırması (hər 100 dollara 3-5 qəpik) cəmiyyətdə devalvasiya narahatçılığı yaratmışdı. Hətta bunu yumşaq devalvasiya kimi qiymətləndirənlər də oldu. Göründüyü kimi, nə yumşaq devalvasiya baş verdi, nə də hökumət elan etdiyi kimi üzən məzənnəyə keçid oldu:

"İl sona yetir. Hökumət manatı qorumaq və devalvasiya təzyiqlərini azaltmaq üçün müəyyən addımlar atmalı oldu. 2015-ci ilin dövlət büdcəsini ixtisar etməli oldu. Büdcə xərclərinin proqnozu 21 milyardan 17,7 milyard manata endirildi. Əsas zərbə altında qalan Neft Fondundan dövlət büdcəsinə transferi 10,4 milyarddan 8,1 milyard manata endirdi. Eyni zamanda Neft Fondunun xaricdəki aktivlərinin bir hissəsini ölkəyə gətirməli oldu. Mərkəzi Bank isə bu il valyuta ehtiyatının yarıdan çoxunu qurban verməli oldu. Bütün bunlara rəğmən təzyiqlər nəinki səngimədi hətta müəyyən zaman kəsiyində daha da gücləndi.
İndi hamını bir sual düşündür: devalvasiya olacaqmı? Fikrimcə, bu, artıq müzakirə mövzusu deyil. Nə qədər çətin olsa da deməliyik ki, bu, qaçılmaz prosesdir. Sadəcə devalvasiyanın forması və zamanı sual doğurur".
 
Samir Əliyevin fikrincə bu gün devalvasiya ehtimalını gücləndirən amillər çoxdur: "Əvvala, dekabrın 15-16-da FED-in iclasında uçot dərəcəsinin qaldırılması baş verərsə dünya bazarlarında güclü ajiotaj yaranacaq və dollarlar bahalaşacaq. Onun təsiri Azərbaycana da çatacaq. İkincisi, neftin qiyməti manatı saxlamaq üçün kifayət etmir. Hələki bahalaşma görünmür. Üçüncüsü, Neft Fondunun bu il gəlirləri ən yaxşı halda 7 milyard manat civarında olacaq. Halbuki Fondun təkcə büdcə qarşısında öhdəliyi 8,1 milyard manatdır. Deməli, Fondda təxminən 2 milyard manata yaxın kəsir yaranacaq. Dördüncüsü, ölkənin tədiyə balansında vəziyyət optimistlik vəd eləmir. Cari hesablar balansında cəmisi 63 milyon dollar profisit var. İdxal tam rəsmləşdirilsə, bunun, mənfi saldo olduğu açıq görünər. Beşincisi, əsas xarici ticarət tərəfdaşlarının valyutasının ucuzlaşması ixracı stimullaşdırmağa problem yaradır. Altıncısı, Mərkəzi Bankın ehtiyatları sürətlə əriyir və kritik həddə yaxınlaşır. Ən nəhayət manat üçün hazırda ən böyük təhlükə ölkədən kapital axınıdır. Kapital axını növbəti illərdə əsas problem olaraq qalacaq".
 
İqtisadçı ehtimal edir ki, FED uçot dərəcəsini gələn ilə saxlasın. Və ya Neft Fondu kəsiri tam olaraq xarici aktivlər hesabına örtsün: "Ancaq bu çıxış yolu deyil. Çünki neftin əhəmiyyətli bahalaşması hələki gözlənilmir. Kapital axını isə davam edir. Manatı uzun müddət inzibati yolla saxlamaq mümkün olmayacaq. Ona görə də hökumət bu məsələyə devalvasiya przimasında baxmamalıdır. Ümumi makroiqtisadi sabitliyin qorunması baxımından yanaşmalıdır. Bunun üçün hökumət təcili antiböhran proqramı hazırlamalıdır".
 
Şahin Həbibov
BAKU.WS