VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


TANAP Türkiyə və Azərbaycanın növbəti zəfəridir.

BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində keçirilən Transanadolu boru kəməri (TANAP) layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Əziz qardaşım, hörmətli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan. Hörmətli prezidentlər, xanımlar və cənablar. İlk növbədə, qardaş Türkiyə torpağında yenidən olmağımdan məmnunluğumu ifadə etmək istərdim. Biz Azərbaycanda Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə etdiyi uğurlara çox sevinirik. Prezident Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya miqyasında böyük gücə çevrildi".

İlham Əliyev bildirib ki, Türkiyə o ölkədir ki, dünya gündəliyini müəyyən edir: "Biz Azərbaycanda buna sevinirik. Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz bizim birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bu qədər bir-birini dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, həm bölgəmiz üçün, həm də Avrasiya üçün önəmli faktordur".

Prezident deyib ki, bu gün TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür: "TANAP Türkiyə və Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir. Bu tarix istiqrar, sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə istiqrar, sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür".

Dövlət başçısı vurğulayıb ki, TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə və Azərbayvan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olub:

"Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Bundan əvvəl, 2006-cı ildə biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır".

İlham Əliyev bildirib ki, Azərbaycan qazının Avropa qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox müzakirələr aparılmış, tədbirlər keçirilmişdir: "Ancaq əfsuslar olsun ki, onların heç bir nəticəsi olmamışdır. Belə olan halda Türkiyə və Azərbaycan qərara gəldilər ki, biz özümüz yeni layihəni irəli sürək. Bunun adını da biz birlikdə qoyduq – TANAP. Və TANAP üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Rəcəb Tayyib Ərdoğan və mən imzaladıq. O gün, o imzalanma mərasimində biz bugünkü günü görmək arzumuzu ifadə etdik və Allah bizə bunu nəsib etdi. Biz bu illər ərzində böyük işlər gördük".

BAKU.WS