VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Sürücülərin avtomobillər arasında məsafə saxlamaması bəzən bədbəxt hadisələrə səbəb olur. Yağmurlu havalarda isə, xüsusən yüksək sürətli hərəkət olan yollarda ara məsafəsinin saxlanmaması faciələrə gətirib çıxarır.
 
BAKU.WS xəbər verir ki, bu barədə Milli.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Şöbə rəisi bildirib ki, ara məsafəsinin nə qədər olması barədə hər sürücü müxtəlif cür fikirləşir: "Bəziləri bunu metrlə ölçür və deyirlər ki, nəqliyyat vasitələri arasında məsafə 3, 5, 10 metr olmalıdır. Amma "Yol hərəkəti haqqında" Qanunun 50-ci maddəsinin (Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi) 1-ci bəndinin tələbinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.

Həmin maddənin 3-cü bəndində isə göstərilir ki, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qarşıda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.
Yəni ara məsafəsi məsələsi sürücünün öz öhdəsinə verilir və avtomobilin texniki xüsusiyyətlərinə və metereoloji şəraitə uyğun elə hərəkət sürəti seçməlidir ki, qarşıdakı avtomobil qəfil dayandıqda toqquşmadan yayına bilsin. Amma təəssüf ki, bizdə sürücülər yaşayış məntəqələrində hətta yarım metr, bir metr ara məsafəsi ilə sürürlər. Bu hal sürücü sağa və ya sola baxanda, diqqəti azca yayınanda neytral vəziyyətdə avtomobil öz təcili ilə qabağa doğru hərəkət edən zaman toqquşmaya səbəb olur".

K.Əliyevin sözlərinə görə, əgər yaşayış məntəqələrində ara məsafəsinin gözlənilməməsi maddi zərərlə nəticələnən qəzanın baş verməsinə gətirib çıxarırsa, yaşayış məntəqələrindən kənarda, hərəkət sürətinin daha yüksək olduğu yollarda bu, faicələrə gətirib çıxarır: "Çünki nəqliyyat vasitəsinin sürəti nə qədər çox olarsa, ara məsafəsini də çox saxlamaq lazımdır. Məsələn, əgər saatda 90 km/saat sürətlə hərəkət edirsə və 1 saniyədə 25 metr məsafə qət edirsə, onu 40-50 metrdə saxlamaq mümkün deyil. Ona görə də sürücülər xüsusilə yüksək sürətlə nəqliyyat vasitəsini idarə edəndə diqqətli olmalı, yağmurlu havalarda isə ara məsafəsini daha çox saxlamalıdırlar. Bəzən sürücülər avtomobili yağmurlu havalarda da quru havalarda olduğu kimi eyni tərzdə idarə edirlər. Bu, düzgün deyil. Çünki xüsusilə yağışın yağmağa başladığı ərəfələrdə yolların səthi çox sürüşkən olur və bu səbəbdən yollarda təhlükə 2-3 dəfə artır. Ona görə də ara məsafəsini saxlamayan sürücülər İnzibati Xətalar Məcəlləsinin 151.1 maddəsinə əsasən, məsuliyyətə cəlb olunur və 40 manat miqdarında cərimə edilirlər".

Yol polisinin sözçüsü əlavə edib ki, yollarda göstərilən sürət hədləri onlara yalnız maksimum sürülə biləcək sürət həddini göstərir. Amma sürücü avtomobili bundan aşağı istənilən sürətlə sağdakı zolaqla sürə bilər. Sadəcə bu zaman o, aşağı sürəti ilə digər nəqliyyat vasitələrinin rahat hərəkətinin qarşısını almamalıdır.

BAKU.WS