SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda rəsmi səfərə gələn İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub.

BAKU.WS-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhanini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İran prezidentinə raport verib.

Prezident İlham Əliyev və prezident Həsən Ruhani fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İran prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

İran və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Həsən Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib. Azərbaycan prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani rəsmi foto çəkdiriblər.

Sonra prezidentlərin əvvəlcə təkbətək, daha sonra geniş tərkibli görüşü olub.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında Əməkdaşlıq haqqında İcra Proqramını”nı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və İran İslam Respublikası Prezidentinin ailə və qadın məsələləri üzrə müavini Məsumə İbtikar imzalayıblar.

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 2018-2019-cu illər üzrə İcra Planı”nı Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov və İran İslam Respublikasının idman və gənclər naziri Məsud Sultanifər imzalayıblar.

“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2018-2021-ci illər üçün Mədəniyyət və İncəsənət üzrə Mübadilə Proqramı”nı Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbüzər İbrahimi Türkman imzalayıblar.

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna dair Fəaliyyət Proqramı”nı Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev və İran İslam Respublikasının səhiyyə nazirinin müavini İrəc Hərirçi imzalayıblar.

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və İran İslam Respublikasının neft naziri Bijən Namdar Zəngənə imzalayıblar.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə İran İslam Respublikasının Sənaye, Mədən və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari imzalayıblar.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiyan imzalayıblar.

“Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş”i Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiyan imzalayıblar.

BAKU.WS