SİZİN REKLAM BURADA!
055 213 76 73



2018-ci ildə yaşamağımıza baxmayaraq, hələ də paytaxt Bakıda çətin şəraitdə həyat sürənlər var. Söhbət "Montin" bazarına yaxın Mayakovski 8/9 ünvanında yerləşən binada yaşayan sakinlərdən gedir.

BAKU.WS-in məlumatına görə, bu ünvandakı yataqxana qəzalı vəziyyətdədir. Burada əksəriyyəti məcburi köçkünlər olanlar sakinlər sözün əsl mənasında yaşamaq uğrunda mübarizə aparırlar.

Sözügedən tikili 1937-ci ildə istifadəyə verilib. Həmin ildən bu günədək yataqxana bircə dəfə də təmir olunmayıb.

Təəssüf ki, binadakı üfunət qoxusunu, hər mərtəbə üçün ümumi olan sanitar qovşaqdakı antisanitariyanı sözlə ifadə etmək qeyri-mümkündür.

Döşəmələr elə vəziyyətdədir ki, açılmış dəliklərdən açıq-aşkar alt mərtəbədəki mənzillərin içini görmək olur.

Yataqxanada yaşayan hər bir insanın həyatı isə ayrıca bir dram mövzusudur. Bir otaqda 6-7 nəfərin necə yaşamasını düşünmək belə çətindir. Hələ bu yaşayanların yeni qurulmuş gənc ailələr, onların valideynləri, bacı-qardaşları olduğunu fikirləşəndə buradakı həyat tərzi haqqında acınacaqlı mənzərə yaranır.

Sakinlər deyir ki, dəfələrlə yataqxananın təmir olunması xahişi ilə aidiyyatı orqanlara müraciət ediblər. Lakin bununla bağlı pul ayrılmadığı cavabını alıblar. 

Tuncay
BAKU.WS