SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Tanınmış şoumen Qorxmaz Əlilinin qaçqınlar haqda yazdığı status cəmiyyət arasında birmənalı qarşılanmayıb. O, şəxsi facebook hesabında Şirməmməd Hüseynovun çıxışı olan videonu paylaşaraq, qaçqınlar haqda aşağıdakı sözləri yazıb:
 

"Dilinə qurban, de, danış. Qaçqınlara Bakı lazım idi, ona da nail oldular. Hökumət lazım idi, ona da nail oldular. Var-dövlət lazım idi, onu da aldılar. 20 faiz əsl qaçqınlıq həyatı sürdülər, o da reklama görə. Xaricdən gələn qonaqlara göstərmək, yardım pulu almaq üçün. Aldılar, pulun dalına keçdilər, indi bizi bəyənmirlər".

Məsələ ilə əlaqədar olaraq Hafta.az-a açıqlama verən Qorxmaz Əlili bildirdi ki, bəzi mətbu orqanlar onun fikirlərini yozaraq cəmiyyətə təqdim edir:

"Mən qeyd olunan fikri bütün qaçqınlara aid etməmişəm. Sözüm əyri yollarla pul qazananlara olub, yazımı diqqətlə oxusunlar. Sadə qaçqınların vəziyyəti göz qabağındadır. Dövlətimiz onlar üçün evlər tikir, müxtəlif şəraitlər yaradır ki, dərdləri bir az azalsın. Yazdığım statusu pis niyyətli insanlar şişirdərək, nifaq salmaq istəyirlər. Onlara heç kim ixtiyar verməyib ki, mənimlə danışmadan bu haqda yazsınlar. Mövqeyim olmadan istədikləri şəri-böhtanı tirajlayırlar. Bu gün mətbuata gələnlər əllərinə indilərdə qələm, klaviatura dəyənlər bilsin ki, mən hər zaman qaçqınların mövqeyini müdafiə etmişəm. 1991-1993-cü ildə cəbhə bölgəsində konsert verəndə hər zaman qaçqınların tərəfini saxlamışam. 2000-ci ildə meyxana konserti zamanı qaçqınlara qarşı xoş olmayan ifadə işlədən meyxanaçını özüm şəxsən efir vaxtı acılamışam. Mənə qarşı tənqid yazan insanlar görünür sözümə tuş gələn şəxslərdir ki, bu onlara belə təsir edib".

Şoumen eyni zamanda bildirdi ki, medianın cəmiyyətdəki rolu qərəzsiz olmalıdır: "Amma təəssüflər olsun ki, ucuz şou reklam tərəfdarları da az deyil. Tutaq ki, mən səhv elədim, onlar niyə bundan istifadə edib insanları üz-üzə qoymaq istəyirlər? Hələ mən səhv etməmişəm, bunlar belə edir, gör kimsə bir səhv buraxanda nələr olur". 

Q.Əlili belə şeylərdən istifadə edib gündəmə gəlmək istəyənlərə də mesaj verdi: "Camaat bilir mən sözümü kimlərə ünvanlamışam. Əgər sadə qaçqınlardan sözümü yanlış anlayanlar varsa, üzrxahlıq edirəm. Bir daha qeyd edirəm ki, fikrimi yozaraq cəmiyyətə çatdırıblar və nəticədə bu hal yaşanıb. Belə şeylərə görə hər zaman mətbuatdan uzaq durmağa çalışmışam. Amma son hadisəylə bağlı sizə açıqlama verməyi lazım bildim. Qeyd edim ki, mənim yazdıqlarım Şirməmməd Hüseynovun fikirlərinə münasibətdir. Bu haqda heç bir mətbu orqana müsahibə, açıqlama verməmişəm".
 
BAKU.WS