SİZİN REKLAM BURADA!
055 213 76 73



Rəsmi Ankaranın bir sıra Qərb ölkələri, xüsusən də ABŞ və Almaniya ilə münasibətlərinin pisləşməsi Türk lirəsinin dəyərsizləşməsi prosesini sürətləndirib.

BAKU.WS-in məlumatına görə, iqtisadçı-ekspert Vüqar Bayramov Türk lirəsinin ABŞ dolları qarşısında sürətlə ucuzlaşmasının Azərbaycan manatına təsirini şərh edərkən deyib.

Onun sözlərinə görə, son 1 ildə dollara nisbətən 22 faiz ucuzlaşan lirə yalnız oktyabr ayında 7 faizə yaxın dəyər itirib. İndi 1 dollar almaq üçün təxminən 3.8 lirə ödəmək lazımdır.

O bildirib ki, Türkiyə Azərbaycan üçün yalnız stratreji deyil, həmçinin iqtisadi tərəfdaş olduğundan lirənin məzənnəsi bizim üçün də, dolayı olsa belə, vacibdir.

"Belə ki, bu ilin 9 ayında 1.07 milyard dollarlıq qeyri-neft ixracatımızın 223 milyon dolları Türkiyənin payına düşür. Türkiyə qeyri-neft ixracatımızda 336 milyon dollar paya malik olan Rusiyadan sonra ikincidir. Azərbaycan Türkiyə arasında illik ticarət dövriyyəsi isə 2 milyard 315 milyon dollardır. Bu ümumi ticarət dövriyyəmizin 13 faizindən çoxu deməkdir. Rəqəmlər göstərir ki, Türkiyə Azərbaycan üçün vacib tərəfdaşlardan biridir və bu baxımdan, lirənin ucuzlaşması bizim üçün də arzuolunan deyil. Belə ki, ucuzlaşan lirə Azərbaycanın Türkiyəyə qeyri-neft ixracatına mənfi təsir göstərə bilər. Çünki, Azərbaycan məhsulları Türkiyə bazarında lirə ifadəsində bahalaşır ki, bu da qeyri-neft məhsullarımızın qardaş ölkədə rəqabət imkanlarını məhdudlaşdıra bilər. Digər tərəfdən, lirənin ucuzlaşması Türkiyədən idxalı stimullaşdırır ki, bu da ticarət dövriyyəmizdəki saldo üçün əlverişli deyil", - deyə Vüqar Bayramov qeyd edib.

BAKU.WS