VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Dövlət Gömrük Komitəsi oktyabr ayının 22-də "Azad Azərbaycan” televiziyasının efirində saat 21-də "ATV Xəbər” proqramında yayımlanan süjetə münasibət bildirib.
 
Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, "ATV Xəbər” proqramında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəaliyyəti barədə yalan və böhtan xarakterli fikirlər yer alıb. Belə ki, süjetdə Quba rayon Zərdabi kənd sakini Xeyrullayev Eynulla İbadulla oğlu müxbirin suallarına cavab verərkən  Rusiya Federasiyasına apardığı kənd təsərrüfatı məhsuluna görə Azərbaycan gömrük orqanları əməkdaşlarının  guya ondan qeyri-qanuni olaraq 4500 manat məbləğində pul aldığını bildirib. Ancaq aparılan araşdırma zamanı adıçəkilən şəxs fikirlərinin təhrif olunaraq  yarımçıq şəkildə efirə verildiyini,  müsahibə zamanı həmin vəsaitin ondan Rusiya Federasiyası tərəfində "NDS”, yəni əlavə dəyər vergisi şəklində alındığını qeyd etdiyini bəyan edib.  
 
Xeyrullayev Eynulla İbadulla oğlu onu da qeyd edib ki, Azərbaycan Respublikası gömrük orqanları, onun əməkdaşları ilə problemi olmayıb və onlardan hər hansı şikayəti yoxdur.  Eynulla Xeyrullayev  televiziyanın efirində gedən süjetdə fikirlərinin təhrif olunmasını və müsahibənin kəsilərək efirə verilməsini  Xaçmaz Gömrük İdarəsinə ünvanlandığı ərizədə də qeyd edib. 

Dövlət Gömrük Komitəsi bir daha bəyan edir ki, hazırlanan süjet tamamilə yalan və böhtan xarakterlidir.  Belə ki,  ixrac olunan mallar üçün qanunvericiliyə əsasən hər hansı rüsum, vergi ödənilməsi nəzərdə tutulmayıb. Rusiya Federasiyası ilə  sərhəddəki bölgədə yaşayan  və satış məqsədilə dəfələrlə bu  ölkəyə  kənd təsərrüfatı məhsulları aparan bir şəxsin bundan xəbərsiz olması, bu mövzuda gömrük orqanlarına qarşı absurd ittihamlarla çıxış etməsi inandırıcı deyil. Belə olan halda milyonlarla insanın izləyəbiləcəyi bir müstəvidə ölkənin iqtisadi təhlükəsizliyini təmin edən strateji qurumun vəya əməkdaşlarının qanunsuz əməllərdə ittiham olunması, üstəlik yalan xarakterli bu məlumatların  aidiyyatı qurumların mövqeyi öyrənilmədən yayımlanması yolverilməzdir. Dövlət Gömrük Komitəsi   bir daha bütün media nümayəndələrini peşə fəaliyyətlərini yerinə yetirərkən məsuliyyətli olmağa, ölkə qanunlarına hörmət etməyə çağırır. 

Xeyrullayev Eynulla İbadulla oğlunun qeyd olunan süjetlə bağlı verdiyi izahatı aşağıdakı videoda izləyə bilərsiniz.
 
Şahin Həbibov