VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının bəzi yerlərində hətta, mərkəzi küçələrdə xırda ticarətlə məşğul olan insanlara tez-tez rast gəlmək mümkündür. 
 
Bildiyiniz kimi küçə ticarəti ilə məşğul olmaq qanuna ziddir. İnzibatı Xətalar Məcəlləsinin yeni "Qanunsuz küçə ticarəti" adlı 453-cü maddəsinə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat cərimə tətbiq olunur. 
 
Bəs qanunun qadağan etdiyi küçə ticarəti ilə məşğul olanlar niyə cərimələnmir? Qanunun tələblərinə məhəl qoymayan bu şəxslər hansı ixtiyarla qanunu pozurlar?
 
Paytaxtımızın küçələrində "Alman sosisləri” adı ilə fəaliyyət göstərən səyyar köşklərə bir çoxları yəqin ki, rast gəlib. Səyyar satışla məşğul olan bu dükanlar hansı üstünlüklərə sahibdir? Limon satan xalanın səyyar satışına imkan vermiriksə, bu qanun digər səyyar satıcılara da şamil olunmalıdır. Çünki, qanun hər kəs üçün qanundur. Bütün vətəndaşlar bu qanuna tabe olmağa, qanunu özünə deyil, özünü qanuna uyğunlaşdırmalıdır. 

Azərbaycan prezidenti tərəfindən təqdim olunmuş yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclis tərəfindən qəbul olunub və 2016-cı il mayın 1-dən qüvvəyə minib.
Qanunsuz küçə ticarətinə qarşı mübarizə aparılması müsbət haldır. Amma tətbiq olunan bu cəzalara baxmayaraq insanlar yenə də bir sıra küçə ticarəti ilə məşğul olurlar. Hətta böyük bir ailəni bu cür xırda alış-verişlə əldə etdiyi gəlirlə saxlayan insanlar da az deyil. Sırf məcburiyyət üzündən küçələrə düşən, çörəkpulu dərdindən səhərdən axşamadək, yağışlı-qarlı hava demədən, küçələrdə müştəri gözləyən kasıb vətəndaşlar da var. 

Azərbaycanda qanunsuz küçə ticarəti ilə mübarizə işi yeni deyil və qanunvericiliklə artıq 15 ilə yaxındır ki, qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimə olunurlar. 
 
Əslində küçə satışı bu özü bir gözəllikdir. Qardaş ölkə Türkiyənin İstanbul şəhərində Taksim, Istiqlaliyyət küçələrində hər 100-200 metrdən bir şabalıd, qarğıdalı qovurması satanlar var. Şəhərin küçələrini canlandıran musiqiçilər var və heç kəs onlara bir söz də demir. Bunlar hamısı məhz turistlərin diqqətini cəlb etmək üçündür. Ölkəmizə təşrif buyuran turistlər küçələrdə gəzərkən maraqlı şeylərlə qarşılaşmalıdır.  
 
Kimlərinsə himayəsində olanlar səyyar ticarətlə bağlı bu cür sərt qanunları niyə pozurlar? 

Bu sualla Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə müraciət etsək də sualımıza cavab ala bilmədik. Qanun qarşısında hamı eynidir. Belə olan təqdirdə küçə ticarəti ilə məşğul olan hər bir şəxs ticarətinin həcmindən asılı olmayaraq qanun qarşısında eyni dərəcədə məsuliyyətlidir.
 
Famil Mirzəyev
BAKU.WS